Qafqazın artan rolu: ABŞ Azərbaycan faktorunu yeni strategiyanın mərkəzinə çəkir
ABŞ-dƏ dərc olunan analitik yazıda Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın dəyişən qlobal enerji və təhlükəsizlik arxitekturasında artan rolu geniş şəkildə təhlil edilib.
Crossmedia.az xəbər verir ki, “The National Interest” nəşrində Dr. Teodor Karasikin müəllifliyi ilə yayımlanan məqalədə bildirilir ki, İsrail və İran arasında gərginliyin yüksəlməsi fonunda beynəlxalq diqqət təkcə Hörmüz Boğazına deyil, həm də Cənubi Qafqaza yönəlməlidir. Müəllifin fikrincə, bu prosesdə Azərbaycan strateji baxımdan getdikcə daha mühüm mövqeyə çıxır.
Yazıda qeyd olunur ki, Xəzər hövzəsi alternativ enerji mənbəyi kimi daha sabit və etibarlı regiona çevrilir və burada Azərbaycan əsas ixrac və tranzit ölkələrdən biri kimi çıxış edir. Bu, xüsusilə qlobal enerji təhlükəsizliyi baxımından önəmli hesab edilir.
Analitik məqalədə həmçinin “Orta Dəhliz” marşrutu xüsusi vurğulanır. Bildirilir ki, Azərbaycan bu xətt üzərində Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas logistika halqalarından biridir və Rusiya, İran və Çin kimi güclərin təsir balansında mühüm rol oynayır.
Müəllif qeyd edir ki, Bakı həm də regionda balanslaşdırılmış xarici siyasət apararaq müxtəlif güc mərkəzləri ilə münasibətləri qoruyur. Bu siyasət Azərbaycanın həm təhlükəsizliyini, həm də iqtisadi maraqlarını gücləndirən faktor kimi qiymətləndirilir.
Məqalədə ABŞ-nin Qafqaz siyasətinin yenidən nəzərdən keçirilməsinin vacibliyi vurğulanır. Xüsusilə də 907-ci düzəlişin ABŞ–Azərbaycan müdafiə və təhlükəsizlik əməkdaşlığını məhdudlaşdırdığı qeyd edilir və bunun dəyişdirilməsinin Vaşinqtona regionda daha aktiv rol oynamaq imkanı verə biləcəyi bildirilir.
Ümumi nəticə olaraq, yazıda vurğulanır ki, qlobal enerji təhlükəsizliyi və geosiyasi sabitliyin gələcəyi təkcə Yaxın Şərq və Hörmüz bölgəsi ilə məhdudlaşmır, həm də Cənubi Qafqazdan keçir. Bu kontekstdə Azərbaycan “həm enerji, həm də təhlükəsizlik baxımından əsas dövlətlərdən biri” kimi təqdim olunur.
15:57 14.04.2026
Oxunuş sayı: 143