Süni intellekt dövründə təhlükələr – terrorla mübarizədə yeni qanun nəyi dəyişəcək?
Müasir dövrdə qlobal təhlükəsizlik mühiti sürətlə dəyişir və yeni təhdid formaları dövlətlərin hüquqi çərçivələrini daim təkmilləşdirməsini zəruri edir.
Xüsusilə, terrorçuluq və təxribat kimi ağır cinayətlərlə mübarizədə qanunvericiliyin adekvat və çevik olması həm milli təhlükəsizliyin təmin edilməsi, həm də ictimai sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə həyata keçirilən hüquqi islahatlar dövlətin təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edir.
Eyni zamanda, texnoloji inkişafın sürətlənməsi yeni risk amillərini də gündəmə gətirir. Xüsusilə, süni intellekt və digər innovativ vasitələrin cinayət məqsədləri üçün istifadəsi ehtimalı qanunvericilikdə daha əhatəli yanaşmanı tələb edir.
Bu baxımdan, terrorçuluq və təxribat cinayətlərinə qarşı mübarizədə həm klassik, həm də müasir üsulları nəzərə alan hüquqi mexanizmlərin formalaşdırılması dövlətin təhlükəsizlik sisteminin daha da gücləndirilməsinə xidmət edir.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Milli Məclisdə terrorçuluğa qarşı mübarizə haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi birinci oxunuşda təsdiq edilmişdir. Təklif olunan dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsinə yeni – 214.4-cü bəndin əlavə olunması nəzərdə tutulur.
Bu bəndin əsas məqsədi terror təşkilatının yaradılması və ya onun struktur bölmələrinə rəhbərlik edilməsi kimi əməllərə görə məsuliyyətin daha da sərtləşdirilməsidir.
Belə ki, qeyd olunan əməllərə görə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiqi təklif olunur. Müqayisə üçün qeyd edək ki, terror təşkilatına üzv olma və onun fəaliyyətində iştirak etməyə görə hazırda 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Yeni 214.4-cü maddənin əlavə olunması müasir dövrdə, xüsusilə süni intellekt texnologiyalarından və müxtəlif proqram təminatlarından istifadə etməklə törədilən təxribat xarakterli əməllərin artması ilə əlaqədardır.
Bu dəyişikliklər vasitəsilə terror fəaliyyətinin hazırlanması, təşkili və həyata keçirilməsi istiqamətində yeni üsul və vasitələrdən istifadə hallarının da hüquqi qiyməti daha dəqiq müəyyən edilir və məsuliyyət tədbirləri sərtləşdirilir.
Qlobal miqyasda baş verən sürətli dəyişikliklər fonunda Azərbaycanın da öz cinayət qanunvericiliyini təkmilləşdirməsi zəruridir.
Bu baxımdan, qeyd olunan əlavə və dəyişikliklər terrorçuluğa qarşı mübarizənin daha effektiv təşkilinə xidmət edir.
Yeni bənd həm terror təşkilatı yaratmağa meyilli şəxslərin, həm də bu cür fəaliyyətlərdə iştirak etməyə meyl göstərənlərin məsuliyyət hissini artırmağa yönəlib.
Eyni zamanda, maddənin qeyd hissəsində də göstərildiyi kimi, bu cür təxribatların hazırlanmasında iştirak edən şəxslərin ən ağır cəzalarla cəzalandırılması nəzərdə tutulur.
Bu yanaşma hüquqi baxımdan əsaslı olmaqla yanaşı, həm də profilaktik əhəmiyyət daşıyır.
Belə ki, potensial cinayətkarların bu cür əməllərdən çəkindirilməsi və cəmiyyətin təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır".
Elmir Heydərli
12:42 13.04.2026
Oxunuş sayı: 439