Premyer Liqa: "Turan Tovuz" bu il doğma meydandakı birinci oyununda ilk qələbəsini qazanıb
Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib.
Crossmedia.az xəbər verir ki, qarşılaşma qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz şəhər stadionunda baş tutan matçda ilk qol 9-cu dəqiqədə vurulub. Ev sahiblərinin heyətində Filip Ozobiç hesabı açıb. 50-ci dəqiqədə fərq iki topa yüksəlib. Joarlem Santos hədəfi düzgün nişan alıb. Qonaqlar buraxılan qollardan birinin əvəzini 64-cü dəqiqədə çıxıb. Rayan Senhadji başla dəqiq oynayıb. Bu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq üçüncü pillədəki yerini möhkəmləndirib. "Sumqayıt" isə 32 xalla yeddincidir.
Turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1), "İmişli" "Qəbələ"ni (1:0) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.(Report)
Qeyd edək ki, "Turan Tovuz" Tovuz şəhər stadionunda sonuncu oyununu ötən il, dekabrın 13-də "Sabah"a qarşı keçirib. Həmin vaxt arenanın ot örtüyündə yaranmış problemlə əlaqədar komanda ev oyunlarını müvəqqəti olaraq "Azərsun Arena", daha sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib. Qərb klubu bu il ilk dəfə doğma azarkeşləri önünə çıxıb.
19:58 12.04.2026
Oxunuş sayı: 59