Bakı metrosunda yenilik - “İçərişəhər” layihəsinin əsas hədəfi nədir?
Bakı metrosunun İçərişəhər stansiyası ərazisində həyata keçirilən genişmiqyaslı tikinti layihəsi paytaxtın nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Rəsmi açıqlamalara əsasən, burada inşa olunan keçid kamerası və yeni tunellər metro sisteminin funksionallığını artırmaqla yanaşı, sərnişin axınının daha effektiv idarə olunmasına xidmət edəcək.
Layihə çərçivəsində ümumi uzunluğu təxminən 465 metr olan müxtəlif ölçülü tunellərin tikintisi, həmçinin 200-250 avtomobil üçün nəzərdə tutulmuş yeraltı dayanacağın yaradılması planlaşdırılır. Bakı Metropoliteni tərəfindən icra olunan bu kompleks infrastruktur layihəsinin 2028-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur ki, bu da paytaxtda nəqliyyat sıxlığının azaldılması və şəhər mobilliyinin artırılması baxımından mühüm nəticələr vəd edir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bakı metrosunun “İçərişəhər” stansiyasında inşa olunan keçid kamerası sərnişin axınının daha səmərəli idarə olunmasına xidmət edəcək mühüm infrastruktur yeniliyidir.

Bu qurğu sayəsində stansiyada hərəkət edən sərnişinlər üçün əlavə keçid imkanları yaradılacaq, nəticədə giriş-çıxış nöqtələrində sıxlıq azalacaq və xüsusilə pik saatlarda yaranan yüklənmə xeyli dərəcədə optimallaşdırılacaq.
Keçid kamerası həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir: fövqəladə hallarda insanların daha sürətli və təhlükəsiz təxliyəsinə şərait yaradacaq.
Bundan əlavə, sərnişin axınlarının bölüşdürülməsi metro daxilində hərəkətin daha balanslı təşkilinə kömək edəcək ki, bu da ümumi istismar səmərəliliyini artıracaq.
Nəticə etibarilə, bu layihə Bakı metrosunun xidmət keyfiyyətinin yüksəldilməsi, vaxt itkisinin azaldılması və sərnişin rahatlığının artırılması baxımından əhəmiyyətli rol oynayacaq və metro sisteminin daha effektiv işləməsinə müsbət təsir göstərəcək".
Elmir Heydərli
11:42 10.04.2026
Oxunuş sayı: 118