ABŞ-nin Azərbaycanla bağlı hesabatı obyektiv reallığı əks etdirmir- RƏY
Azərbaycan dini müxtəliflik və tolerantlıq sahəsində regionda nümunəvi təcrübəyə malik ölkələrdəndir. Ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyalar – İslam, Xristianlıq və Yəhudilik icmaları – uzun illər ərzində dinlərarası dialoqu təşviq etmiş, ictimai sabitliyin qorunmasına töhfə vermişlər. Lakin 2026-cı il ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) Azərbaycanda dini vəziyyətə dair hesabatı bəzi mübahisəli məqamları gündəmə gətirib. Hesabat yayımlandıqdan sonra Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası daxil olmaqla ölkədə fəaliyyət göstərən bütün dini icmalar birgə bəyanat verərək sənəddəki fikirlərin əsassız və narahatlıq doğuran məzmunlu olduğunu bildiriblər. Bəyanatda vurğulanır ki, hesabat Azərbaycanın reallıqlarını əks etdirmir və ölkənin dinlərarası dialoq və tolerantlıq sahəsindəki səylərini nəzərə almır.

Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a bildirib ki, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının 2026-cı il hesabatında Azərbaycanla bağlı səsləndirilən iddialar obyektiv reallığı tam əks etdirmir və müəyyən mənada qərəzli yanaşmanın nəticəsi kimi görünür.
Deputatın sözlərinə görə, bu cür qiymətləndirmələr çox vaxt siyasi kontekstin təsiri altında hazırlanır və regionun spesifik xüsusiyyətləri, təhlükəsizlik həssaslıqları və cəmiyyətin real dini mühiti yetərincə nəzərə alınmır.
R.Nurullayev vurğulayıb ki, Azərbaycan tarixən tolerantlıq ənənələri ilə seçilən bir ölkədir: "Müxtəlif dinlərin və məzhəblərin nümayəndələri burada uzun illərdir sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Dövlət səviyyəsində dini müxtəlifliyə hörmət, dini abidələrin qorunması və bərpası, dini icmaların fəaliyyətinə şərait yaradılması bu siyasətin əsas istiqamətlərindəndir. Bu baxımdan ölkədə dini azadlığın sistemli şəkildə pozulduğunu iddia etmək reallıqla uzlaşmır. İstənilən dövlətdə olduğu kimi, Azərbaycanda da dini fəaliyyət sahəsində müəyyən tənzimləmə mexanizmləri mövcuddur. Lakin bunlar dini azadlığın məhdudlaşdırılması deyil, radikalizm, ekstremizm və xarici təsirlərin qarşısının alınması məqsədi daşıyır. Təhlükəsizlik və sabitlik məsələləri hər bir dövlət üçün prioritetdir və bu kontekstdə atılan addımların düzgün qiymətləndirilməsi vacibdir.
Parlamentari qeyd edib ki, bu cür hesabatların zaman-zaman ortaya çıxması və müəyyən ölkələrə qarşı tənqidi mövqelərin sərgilənməsi beynəlxalq münasibətlərdə təzyiq aləti kimi də istifadə oluna bilər: "Belə ki, ABŞ-nin bu mövqeyinin arxasında yalnız insan haqları məsələləri deyil, həm də siyasi və geosiyasi maraqların dayandığını istisna etmək olmaz. Bu yanaşmalar əvəzinə daha obyektiv, dialoqa əsaslanan və qarşılıqlı hörmət prinsiplərinə söykənən münasibətlər qurulmalıdır. Azərbaycanın dini tolerantlıq modeli bir çox ölkələr üçün nümunə ola biləcək səviyyədədir və bu reallığın görməzdən gəlinməsi düzgün yanaşma deyil".
Mehriban Yariyeva
20:33 09.04.2026
Oxunuş sayı: 49