Azərbaycanda hər 5 avtomobildən biri niyə təhlükəlidir?
Ölkəmizdə hər il çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız vəziyyətə düşür.
Statistik göstəricilərə görə, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bu isə yol hərəkətində təhlükəsizlik və ətraf mühitin qorunması baxımından ciddi çağırışlar yaradır.
Buna cavab olaraq, Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin utilizasiyasına dair tədbirlər həyata keçirilir.
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində hazırlanmış utilizasiya proqramı həm qanunvericilikdə dəyişikliklərə, həm də reallaşdırma mexanizmlərinə əsaslanır. Ölkə üzrə bir neçə utilizator artıq istifadəyə yararsız avtomobillərin qəbuluna başlayıb və prosesi asanlaşdırmaq məqsədilə elektron portal da fəaliyyət göstərir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Hazırda Azərbaycanda avtomobil utilizasiyası proqramı rəsmi şəkildə tətbiq olunur və əsas məqsəd köhnə, texniki cəhətdən yararsız və ekoloji baxımdan zərərli nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasıdır.
Proses Təmiz Şəhər ASC vasitəsilə həyata keçirilir və avtomobilini utilizasiyaya təhvil verən vətəndaşlara müəyyən məbləğdə kompensasiya təqdim olunur. Bu məbləğ adətən avtomobilin vəziyyətindən və kateqoriyasından asılı olaraq, təxminən 500-1500 AZN aralığında dəyişir.
Ekoloji baxımdan bu proqram müsbət hesab olunur. Çünki köhnə avtomobillərin yaratdığı zərərli qaz tullantıları azalır, şəhərlərdə hava keyfiyyəti yaxşılaşır və texniki təhlükəsizlik səviyyəsi yüksəlir, lakin maddi baxımdan bir çox vətəndaş üçün tam cəlbedici sayılmır çünki verilən kompensasiya yeni və ya daha yaxşı vəziyyətdə avtomobil almaq üçün kifayət etmir.
Xüsusilə, avtomobil qiymətlərinin yüksək olduğu indiki şəraitdə bu məbləğ daha çox simvolik dəstək kimi qəbul edilir. Nəticə etibarilə proqram ekoloji və təhlükəsizlik baxımından doğru addım olsa da onun geniş kütlə tərəfindən daha aktiv qəbul olunması üçün maliyyə təşviqlərinin artırılması və əlavə güzəştlərin tətbiqi daha məqsədəuyğun hesab olunur".
Elmir Heydərli
17:20 08.04.2026
Oxunuş sayı: 970