Nizami Kino Mərkəzini qrafitlə yazanlar üçün ən böyük cəza mənəvidir - ŞƏRH
Bakının mərkəzində yerləşən və ölkə əhəmiyyətli memarlıq abidəsi hesab olunan Nizami Kino Mərkəzinin binasına qarşı törədilmiş vandalizm hadisəsi ictimaiyyətin diqqətini cəlb edib. Tarixi və mədəni dəyərə malik obyektin fasadına qrafit tipli yazıların çəkilməsi hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətə götürülüb.
Hadisə ilə bağlı aparılan əməliyyat tədbirləri nəticəsində hüquqazidd əməldə iştirak edən şəxslər müəyyən edilərək saxlanılıb. Hazırda onların iştirakı ilə profilaktik tədbirlər görülür, binaya dəymiş ziyanın məbləği qiymətləndirilir və fakt üzrə cinayət işi çərçivəsində araşdırmalar davam etdirilir.

Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Baş verən hadisələr yolverilməzdir. Bu, sözün əsl mənasında vandalizm aktıdır. Nizami Kino Mərkəzinin binası sadəcə tədbirlərin keçirildiyi bir məkan deyil. Eyni zamanda bu bina tarixi abidədir, şəhərin mərkəzində yerləşir. Turistlər buradan keçir, insanlar məhz bu binaya əsasən istiqamət götürürlər. Belə bir hadisənin baş verməsi göstərir ki, bəzi gənclərimizdə tariximizə, mədəniyyətimizə və estetik dəyərlərə qarşı yetərli münasibət formalaşmayıb. Digər tərəfdən, həmin gənclərin ailə mühiti də nəzərə çarpır – onların kifayət qədər savadlı və təminatlı ailələrdən olduqları görünür. Özləri də Azərbaycanın nüfuzlu təhsil müəssisələrində təhsil alırlar. Lakin mədəniyyətimizi öyrənmək və qorumaq əvəzinə, belə davranışlara yol vermələri qətiyyən qəbuledilməzdir. Hesab edirəm ki, ən böyük cəza mənəvidir. Təkcə həmin gənclər deyil, onların valideynləri də hüquq-mühafizə orqanlarına dəvət olunublar. Təsəvvür etmək çətin deyil ki, valideynlər sabah iş yoldaşlarının, dostlarının və qonşularının üzünə necə baxacaqlar. Onlar cəmiyyət qarşısında hansı tərbiyəni nümayiş etdirdiklərini düşünmək məcburiyyətində qalacaqlar. Bu baxımdan, məsələ ilk növbədə mənəvi məsuliyyət məsələsidir. Valideynlər övladları ilə ciddi söhbətlər aparmalı, tərbiyədə hansı boşluqlara yol verildiyini dəyərləndirməlidirlər. Axı, bir çox gənclərimiz mədəniyyət ocaqlarına gedir, tarixi abidələrin qorunmasında iştirak edirlər. Niyə bu gənclər də həmin nümunələrdən biri olmadılar? Digər tərəfdən, məsələnin geniş müzakirə olunması göstərir ki, cəmiyyətin reaksiyası kifayət qədər kəskindir. Cəmiyyət bu cür davranışları qəbul etmir və qəti şəkildə pisləyir. Söhbət onların həbs olunmasından getmir. İstəməzdim ki, gənclər həyatlarına belə bir başlanğıcla qədəm qoysunlar. Lakin cəmiyyətin sərt reaksiyası onların davranışına verilən ən ciddi və təsirli cavabdır".
Elmir Heydərli
19:05 07.04.2026
Oxunuş sayı: 51