Ay səyahətində həyat necədir? – “Kosmosda düşərgə qurmaq kimidir”
NASA-nın həyata keçirdiyi Artemis II missiyası çərçivəsində Ay istiqamətində irəliləyən astronavtlar təkcə tarixi uçuşa deyil, həm də kosmosda gündəlik həyatın çətinliklərinə şahidlik edirlər.
Crossmedia.az NTV-yə istinadən xəbər verir ki, orion kapsulunda yerləşən dörd nəfərlik ekipaj məhdud – təxminən iki mikroavtobus ölçüsündə olan dar bir məkanda həm elmi tapşırıqları yerinə yetirir, həm də qeyri-adi şəraitdə yaşamağa uyğunlaşmağa çalışır.
Belə ki, missiyanın üzvlərindən olan Kristina Koç bu 10 günlük səyahəti “sanki düşərgəyə hazırlaşmaq kimidir” sözləri ilə təsvir edib.
Məhdud məkan, gündəlik ehtiyaclar
Astronavtların qida ehtiyatına 58 tortilla, 43 fincan qəhvə, barbekü ətləri və müxtəlif acı souslar daxildir. Lakin kapsuldakı ən diqqətçəkən məqamlardan biri yalnız bir ədəd tualetin olmasıdır.
Məlumata görə, dərin kosmos missiyalarında ilk dəfə istifadə edilən bu tualet sistemində yaranan nasazlıq qısa müddətdə aradan qaldırılıb. Koç isə bunu zarafatla “kosmos santexniki oldum” sözləri ilə ifadə edib. Astronavtlar bildirir ki, bu sistem kapsuldakı ən vacib avadanlıqlardan biridir və kifayət qədər səs-küylü işləyir.
Texniki problemlər də var
Kosmosda belə gündəlik texniki problemlər qaçılmazdır. Missiyanın komandiri Reid Wiseman elektron poçt proqramı olan Microsoft Outlook ilə bağlı problemlərin yarandığını bildirib. Problem Yer kürəsində – Hyustondakı nəzarət mərkəzi tərəfindən həll olunub.
“Yarasa kimi” yuxu rejimi
Astronavtlar xüsusi yuxu rejiminə əməl edir. Onlar yuxu kisələrini kapsulun divarına bərkidərək, çəkisizlik şəraitində sərbəst hərəkətin qarşısını alırlar. Koçun kapsulun ortasında başıaşağı vəziyyətdə yatması “yarasa kimi” təsvir olunub.
Gündəlik idman vacibdir
Mikroçəki şəraitində əzələ və sümük itkisini azaltmaq üçün ekipaj hər gün təxminən 30 dəqiqə idman edir. “Flywheel” adlı xüsusi qurğu vasitəsilə həm kardio, həm də güc məşqləri həyata keçirilir.
Kosmosda smartfon istifadəsi
Yeni tətbiq sayəsində astronavtlara kosmosda smartfonlardan istifadə etməyə icazə verilib. Bu isə onlara səyahət zamanı foto və videolar çəkərək həmin anları paylaşmaq imkanı yaradır.
Kanadalı astronavt Jeremy Hansen kosmosda süzülməyin ona “uşaq kimi hiss etdirdiyini” deyib. Digər ekipaj üzvü Victor Glover isə buraxılış anında həyəcanını gizlətməyin çətin olduğunu etiraf edib.
Bu missiya göstərir ki, kosmosda həyat nə qədər texnoloji inkişaf etsə də, insan amili və gündəlik ehtiyaclar hələ də əsas rol oynayır. Astronavtların sözləri ilə desək, bu səyahət doğrudan da “kosmosda düşərgə qurmaq” kimidir.
Fatimə Məmmədova
22:02 05.04.2026
Oxunuş sayı: 53