Kəşmir məsələsi ilə bağlı Azərbaycanın mövqeyi prinsipialdır - Elmar Məmmədyarov
Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin inkişafı yeni mərhələyə qədəm qoyub. Xarici işlər naziri Ceyhun Bayramov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Abhay Kumar ilə görüşərək ölkələr arasındakı münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüşdə həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub, iki ölkə arasında fikir ayrılığı yarada biləcək məsələlərin dialoq yolu ilə həllinin vacibliyi vurğulanıb.
Görüş zamanı tarixi əlaqələrin diplomatik münasibətlərin əsasını təşkil etdiyi, birbaşa hava əlaqələri, turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Enerji sahəsində Hindistanın ONGC Videsh şirkətinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki payının ikitərəfli iqtisadi əlaqələr üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda, Yaxın Şərqdəki gərginliklə bağlı narahatlıq ifadə olunub və Hindistanın Azərbaycan tərəfindən göstərilən dəstəyə minnətdarlığı bildirilib.
İki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivi barədə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a danışıb: "Hindistan sakinlərinin bu məsələlərə xüsusi maraq göstərdiyi məlumdur. Bu baxımdan, Azərbaycana səfərlərin təşviqi, toy və digər tədbirlərin ölkəmizdə keçirilməsi kimi təşəbbüslər həm mədəni, həm də iqtisadi baxımdan müsbət inkişaf dinamika yaradır. Siyasi məsələlərə gəldikdə isə, burada Pakistan amili də mühüm rol oynayır. Azərbaycan bu məsələni tam şəkildə anlayır və xüsusilə Kəşmir problemi ilə bağlı prinsipial mövqe sərgiləyir. Belə ki, 1948–1949-cu illərdə Kəşmirlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələr mövcuddur və Azərbaycan öz mövqeyini məhz bu sənədlərə əsaslandırır. Ümumilikdə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Kəşmir məsələsi ilə bağlı qəbul edilmiş həmin qətnamələr tam şəkildə yerinə yetirilməlidir. Bu istiqamətdə ölkəmizin mövqeyi aydın və prinsipialdır".
Elmir Heydərli
14:33 03.04.2026
Oxunuş sayı: 353