Cevdet Yılmaz: Orta Dəhliz ölkələrimiz arasında əlaqələri möhkəmləndirən strateji marşrutdur
Orta Asiyadan Xəzər üzərindən Türkiyəyə və Avropaya uzanan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) təchizat zəncirlərini gücləndirən, ticarəti şaxələndirən və üzv ölkələr arasında əlaqələri möhkəmləndirən strateji bir marşrutdur.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə güclü infrastrukturu və xüsusilə Bakı–Tbilisi–Qars dəmir yolu xətti başda olmaqla geniş avtomobil və dəmir yolu şəbəkəsi ilə bu dəhlizin mühüm iştirakçılarından biridir.
Vitse-prezident nəqliyyat dəhlizlərinin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması məsələlərinin bir-biri ilə sıx bağlı olduğunu nəzərə alaraq bu sahələrdə aidiyyəti qurumların birgə iclaslar keçirməsi və özəl sektor nümayəndələrinin də ortaq hədəflər istiqamətində bir araya gətirilməsinin faydalı olacağını da söyləyib.
11:36 02.04.2026
Oxunuş sayı: 42