Türkiyənin vitse-prezidenti: COP29-u uğurla təşkil edən Azərbaycanın təcrübəsindən faydalanırıq
Türkiyə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla təşkil edən Azərbaycanın təcrübəsindən faydalanır.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə öncül rol üzərinə götürmək əzmindədir:
"Çoxtərəfliliyin ciddi təzyiq altında olduğu bu kritik dövrdə COP31 Sədrliyi vəzifəsini üzərimizə götürməkdən məmnunluq duyuruq. COP29-u uğurla təşkil edən Azərbaycanın təcrübəsindən faydalanırıq. COP31 Sədrliyimiz dövründə əsas hədəfimiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konstruktiv körpü quraraq, tərəflər arasında etimadı və əməkdaşlığı gücləndirmək və qlobal iqlim səylərinə müsbət töhfə verməkdir".
Cevdet Yılmaz əlavə edib ki, TDT üzv dövlətləri və müşahidəçilərinin COP31 prosesində güclü iştirakı, COP31 İqlim Fəaliyyəti Gündəmi çərçivəsində əməkdaşlığın artırılması və konkret nəticələrin əldə olunması üçün möhkəm zəmin yaradacaq.
11:29 02.04.2026
Oxunuş sayı: 57