CROSSMEDIA - ABŞ-nin dünya hegemonluğu sonlanır? - Politoloqdan açıqlama
Amerika

ABŞ-nin dünya hegemonluğu sonlanır? - Politoloqdan açıqlama

Çin ABŞ-ni dünya lideri mövqeyindən çıxarmaq imkanına və istəyinə malik olan yeganə ölkədir. Crossmedia.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ronald Reyqan adına prezident fondu tərəfindən təşkil edilmiş forumda bildirib. ABŞ və Çinin dünya liderliyi uğrunda mübarizəsi siyasi müstəvidə ən mühüm mövzularından biridir. Bu mübarizə təkcə iqtisadiyyat sahəsində deyil, həm də siyasi təsir, texnoloji üstünlük və hərbi güc baxımından da özünü göstərir. ABŞ uzun müddət dünya siyasətində hegemon rolunu saxlamış, Çinin isə son onilliklərdə iqtisadi yüksəlişi və qlobal ambisiyaları onun bu liderliyinə meydan oxumağa başlamışdır. Bu rəqabət beynəlxalq siyasətə və qlobal güc balansına hansı təsirləri göstərə bilər?  ABŞ, dünya lideri mövqeyini qorumaq üçün hansı addımlar atmalıdır?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Sultan Zahidov Çinin artıq bir neçə onillikdir ki, ABŞ-nin xarici siyasətində əsas rəqib kimi göstərildiyini bildirib:

“1997-ci ildə Brejinskinin “Böyük Şahmat Taxtası” adlı əsərində, ABŞ-nin o vaxtkı Milli Təhlükəsizlik üzrə müşaviri Cimmi Karterin düşüncələrində Çinin Amerika üçün potensial təhdid ola biləcəyi vurğulanmışdır. Həmçinin, Henri Kissincerin 2014-cü ildə nəşr olunan “Dünya Düzəni” (World Order) kitabında ABŞ-nin diqqətini Rusiyadan daha çox Çinə yönəltməli olduğu bildirilmişdir.
Çin iqtisadi cəhətdən sürətlə inkişaf edir və qlobal ambisiyalara sahibdir. Bu ambisiyalar, ehtimal ki, ABŞ ilə Çini birbaşa qarşıdurmaya sürükləyə bilər. Həm iqtisadi, həm hərbi, həm də siyasi sahələrdə Çinin ABŞ-ni keçmək potensialı Rusiyadan daha yüksəkdir. Kissincer də ABŞ-yə Çini zəiflətmək üçün Uzaq Şərqdə mühasirə siyasəti tətbiq etməyi tövsiyə etmişdir. Bu strategiya əsasən Koreya, Tayvan və Yaponiya vasitəsilə Çinin Asiya-Sakit okean regionundakı təsir dairəsini məhdudlaşdırmağa yönəlib”.

Politoloq Donald Trampın prezidentliyi dövründə Çinə qarşı sərt ritorika və ticarət müharibələrinin mövcud olduğunu deyib:

“ABŞ, Çindən gətirilən malların gömrük rüsumlarını artıraraq, beynəlxalq bazarda daha ucuz və rəqabət qabiliyyətli Çin məhsullarına qarşı cavab tədbirləri həyata keçirdi. Bu tədbirlər ABŞ istehsalı malların bazardakı mövqeyini gücləndirməyə yönəlmişdi. Hal-hazırda isə Çin mallarının idxalına gömrük rüsumlarının iki qat artırılması ilə bağlı fikirlər irəli sürülür”.

S. Zahidov NATO-nun məsələyə münasibətini də qeyd edib:

“NATO-nun 2022-ci ildə Madriddə qəbul etdiyi strateji konsepsiyada Rusiya birbaşa təhdid, Çin isə dolayı təhdid olaraq göstərilmişdir. Çinin iqtisadi siyasəti, digər dövlətlərə qarşı sərt yanaşması və beynəlxalq bazarlardakı üstün mövqeyi NATO və ABŞ-nin güclərini Çinə qarşı birgə cəbhədə birləşməyə vadar edir. 2024-cü ildə Vaşinqtonda NATO-nun 75 illik yubileyi çərçivəsində keçirilən sammitdə “Vaşinqton Bəyannaməsi” imzalanmışdır. Bu sənəddə Çin, Avroatlantik alyans üçün strateji təhdid kimi qeyd edilmişdir.
Nəticə etibarilə, ABŞ və NATO, Çinə qarşı birgə strategiya həyata keçirməyi zəruri hesab edir. Çin artıq təkcə ABŞ üçün deyil, bütün Avroatlantik alyans üçün ciddi təhlükə olaraq qəbul edilir”. 

Gülay Məmmədova

08:50 10.12.2024

Oxunuş sayı: 6264

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR