14 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub
Bu gün GİN-in Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda
qarşılaşmalar keçirilb.
Oğlanlar arasında
üçüncü yer uğrunda oyunda “Sumqayıt RVK” komandası “Bakı RVK”nı 2:0 hesabı ilə
məğlub edərək bürünc medal qazanıb. Qızların mübarizəsində isə “Möminə Xatun”
komandası “Şərqi Zəngəzur RVK” klubuna 2:1 hesabı ilə qalib gələrək üçüncü yeri
tutub.
Qızların final
qarşılaşmasında “Turan” komandası “AZERRAIL”i 2:1 hesabı ilə məğlub edərək
yarışın qalibi olub. Oğlanların final görüşündə isə “Naxçıvan” komandası “Oğuz
RVK”nı 2:0 hesabı ilə üstələyərək çempionluğa yiyələnib.
Final
qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Azərbaycan
Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qalib komandaları təbrik
edib. O, hər il yeniyetmə və gənc voleybolçular arasında Azərbaycan birinciliklərinin
maraqlı və gərgin mübarizədə keçdiyini bildirib. Qeyd edib ki, son illər
paytaxtımızla yanaşı, regionlarda da bu idman növünün inkişafı istiqamətində
mühüm addımlar atılır. Təsadüfi deyil ki, bu gün qızların U-14 birinciliyində məhz
region təmsilçisi, Tovuzun "Turan" komandası çempion oldu, Naxçıvan təmsilçisi
“Möminə Xatun” bürünc medala sahib
çıxdı. Həmçinin oğlanların mübarizəsində Naxçıvan çempionluq qazandı.
O, çıxışında ölkə
Prezidenti cənab İlham Əliyevin idmana, idmançılara göstərdiyi diqqət və
qayğıdan da danışıb. Vurğulayıb ki, məhz dövlət başçısının bu diqqəti sayəsində
ölkəmizdə uşaq voleybolu da inkişaf edir. Region komandalarının qazandıqları
uğurlu nəticələr də bunu bir daha sübut edir. Ş.Bağırov yeniyetmə
voleybolçuların valideynlərinə övladlarına bu yolda dəstək olduqları üçün təşəkkürünü
bildirib, bir daha qalib voleybolçuları və məşqçiləri təbrik edib, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
Daha
sonra qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Mükafatları
AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, AVF-nin Naxçıvan
filialının prezidenti Vüqar Əliyev, “Sumqayıt” VK-nın prezidenti Tariyel
Alverdiyev, “Oğuz” RVK-nın direktoru Bülbül Qasımov təqdim ediblər.
Beləliklə,
qızların yarışında “Turan” komandası qızıl medal və kuboka layiq görülüb.
“AZERRAIL” gümüş, “Möminə Xatun” isə bürünc medal qazanıb.
Oğlanların
yarışında isə “Naxçıvan” komandası qızıl medal və kuboka sahib olub. “Oğuz RVK”
gümüş, “Sumqayıt RVK” komandası isə bürünc medal əldə edib.
Sonda
qalib və mükafatçı komandalarla xatirə şəkilləri çəkdirilib.
Azərbaycan birinciliyi (U-14)
29 mart
Qızlar
III YER
“Möminə Xatun” - “Şərqi Zəngəzur
RVK” 2:1 (19:25, 26:24, 15:9)
Final
“AZERRAIL” - “Turan” 1:2 (13:25,
25:7, 12:15)
I yer - “Turan”
II yer - “AZERRAIL”
III yer - “Möminə Xatun”
Oğlanlar
III YER
“Sumqayıt RVK” – “Bakı RVK” 2:0
(25:12, 25:23)
Final
“Naxçıvan” – “Oğuz RVK” 2:0
(25:8, 25:15)
I yer - “Naxçıvan”
II yer - “Oğuz RVK”
III yer - “Sumqayıt RVK”
22:05 29.03.2026
Oxunuş sayı: 47