Ərdoğan yeni dünya nizamı haqqında danışıb
Türkiyə prezidenti Recep Tayyib Ərdoğan yeni dünya nizamı haqqında danışıb.
Crossmedia.az "HaberGlobal"-a istinadən xəbər verir ki, o bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlətə açıqlamasında deyib.
"Əziz qardaşlarım və bacılarım, 2008-ci il böhranından bəri qlobal sistem həm ağrı, həm də sarsıntılarla müşayiət olunan dərin bir transformasiya və dəyişiklik yaşayır. Bu dəyişiklik dörd əsas istiqamət üzrə aktyorlar arasında rəqabəti əhəmiyyətli dərəcədə gücləndirir.
Qütbləşən dünya nizamında yeni güc mərkəzlərinin kim olacağı sualı bu sualların içində gizlənir. Bir əsr əvvəl olduğu kimi, bölgəmiz yenidən yeni dünya nizamı üçün döyüş meydanı kimi ortaya çıxır.
Klassik ittifaqlar dağılarkən, oxşar təhdidlərlə üzləşən ölkələr arasında yeni əməkdaşlıqlar qurulur. Bu prosesdə regional əməkdaşlığın görünməmiş əhəmiyyət kəsb etdiyini görürük.
Türkiyə olaraq bu yeni vəziyyət üçün hazırlıqlar gördük. Enerji təchizatı təhlükəsizliyimizi gücləndirdik; daxili resurslarımızı istifadəyə verərkən resursların şaxələndirilməsini artırdıq. Nəqliyyat sahəsində böyük irəliləyişlər əldə etdik. Ölkəmizin inşa etdiyi infrastruktur Londondan Çinə qədər uzanan fasiləsiz dəmir yolu xəttində mühüm rol oynayır.
Digər tərəfdən, maliyyə sistemimizi gücləndirdik; bank infrastrukturumuzu mümkün şoklara qarşı davamlı etdik. Cəmi 47 ölkə ilə yüksək səviyyəli əməkdaşlıq şuraları yaratmışıq. Müxtəlif coğrafiyalarla, xüsusən də Afrika və Latın Amerikası ilə əlaqələrimizi gücləndirmişik. Sənaye və istehsalat sahələrində 182 yeni mütəşəkkil sənaye zonası və 85 yeni texnopark yaratmaqla infrastrukturumuzu genişləndirmişik. Müdafiə sənayesində əldə etdiyimiz uğurlar hazırda akademik tədqiqatların mövzusu olan əhəmiyyətli bir transformasiyanı təmsil edir."
22:02 24.03.2026
Oxunuş sayı: 64