ABŞ və İran sülh masasına doğru: tələblər və şərtlər açıqlandı
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla mümkün sülh danışıqlarının perspektivlərini və növbəti mərhələdə diplomatik addımları müzakirə etməyə başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir, Ağ Evdə müharibənin daha iki-üç həftə davam edəcəyi ehtimal olunur və bu müddət ərzində məsləhətçilər diplomatik prosesə hazırlıqlara start veriblər.
Məlumata görə, ABŞ tərəfi İran qarşısında bir sıra əsas tələblər irəli sürür. Bunlara raket proqramına 5 il ərzində son qoyulması, uranın zənginləşdirilməsinin dayandırılması, Natanz, İsfahan və Fordo nüvə obyektlərində fəaliyyətin dayandırılması, sentrifuqalar və digər avadanlıqlar üzərində beynəlxalq nəzarətin gücləndirilməsi daxildir. Bundan əlavə, raket sayının məhdudlaşdırılması və “Hizbullah”, “Ənsar Allah” və “Həmas” kimi qrupların maliyyələşdirilməsinin dayandırılması da tələb olunur.
Eyni zamanda İran da müharibənin dayandırılması ilə bağlı öz şərtlərini açıqlayıb. Tehran gələcəkdə müharibələrin baş verməyəcəyinə zəmanət verilməsini, regiondakı ABŞ hərbi bazalarının bağlanmasını, kompensasiya ödənilməsini, bütün cəbhələrdə döyüşlərin dayandırılmasını, Hörmüz boğazı üçün yeni hüquqi rejimin yaradılmasını və “düşmən media” kimi qiymətləndirilən şəxslərin İrana ekstradisiyasını tələb edir.
Qeyd olunur ki, tərəflər arasında fərqli tələblər mövcud olsa da, diplomatik prosesin mümkünlüyü gündəmdə qalır.
14:50 22.03.2026
Oxunuş sayı: 51