Bakıda tarixi memarllq abidəsi sökülür: Daşı daşı üstünə qoyanda...
Bakının İnşaatçılar prospektində dövlət qeydiyyatında olan tarixi-memarlıq abidəsində aparılan söküntü işləri ətrafında yaranan qeyri-müəyyənlik ictimai narahatlığı artırıb. Ərazidə məlumat lövhəsinin olmaması və rəsmi açıqlamanın verilməməsi belə hallarda nəzarət mexanizmlərinin necə işlədiyi və məsuliyyətin kimlərin üzərinə düşdüyü ilə bağlı sualları gündəmə gətirir. Mövcud qanunvericilik tarixi irsin qorunması üçün konkret mexanizmlər nəzərdə tutsa da, onların tətbiqi məsələsi yenidən müzakirə predmetinə çevrilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, tarix abidələrinin qorunmasına Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarət edir və belə hallardan xəbərsiz qalmaq real görünmür:

"Bakının istənilən ərazisində aparılan tikinti və ya söküntü işləri ilə bağlı müvafiq qurumların dərhal məlumatı olur. Bu gün şəhərdə daşı daş üstünə qoyanda belə aidiyyəti qurumların bundan xəbəri olur. Ona görə də tarixi abidədə aparılan söküntüdən xəbərsiz olmaq inandırıcı deyil".
T. Abbaslı vurğulayıb ki, mövcud nəzarət mexanizmləri əslində işləkdir, lakin bəzi hallarda onlara əməl olunmur və belə hallarda korrupsiya və rüşvət amilləri istisna edilmir: "Əgər kimsə deyirsə ki, bu prosesdən xəbərimiz yoxdur, bu, inandırıcı deyil. Çox güman ki, müəyyən səbəblərdən buna göz yumulub və məsələ ictimailəşəndən sonra reaksiyalar verilir. Hazırda belə halların qarşısının alınmasında ən effektiv vasitələrdən biri ictimai nəzarətdir. Problemlərin gündəmə gətirilməsi və ictimailəşdirilməsi aidiyyəti qurumların reaksiya verməsinə səbəb olur. Tarixi irsin qorunması sahəsində mövcud mexanizmlərin real tətbiqi və şəffaflığın təmin olunması bu kimi halların qarşısının alınması üçün əsas şərtlərdən biridir".
Nigar Yahyazadə
10:15 19.03.2026
Oxunuş sayı: 75