Peşə təhsil müəssisələri ali məktəblərə dəstək olmalıdır
Son dövrlərdə ali təhsil siyasəti ilə bağlı aparılan müzakirələr cəmiyyətin diqqət mərkəzinə çevrilib. Xüsusilə bəzi ekspertlərin ali təhsil müəssisələrinə qəbul planının təxminən 10 faiz azaldılması ilə bağlı irəli sürdüyü təkliflər müxtəlif yanaşmaların formalaşmasına səbəb olub. Bu təklif bir tərəfdən ali təhsildə keyfiyyətin artırılması, digər tərəfdən isə əmək bazarının tələbatına uyğun kadr hazırlığı məsələləri fonunda müzakirə olunur. Lakin qəbul yerlərinin azaldılması kimi həssas məsələ yalnız statistik göstəricilər əsasında deyil, daha geniş sosial, iqtisadi və təhsil siyasəti kontekstində qiymətləndirilməlidir.
Məsələ ilə bağlı filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli Crossmedia.az-a açıqlama verib.

O, qəbul yerlərinin mexaniki şəkildə azaldılması əvəzinə daha çevik və balanslı yanaşma tətbiq olunmasının məqsədəuyğun olduğunu bildirib
"Onsuz da ildən-ilə beyin axını müşahidə edirik, qəbul qaydaları, imtahanlar çətinləşdirilir, xaricə çıxış imkanı əldə edən gedib xaricdə təhsil alır, gedə bilməyən də təhsildən soyuyur. Qəbul planlarını azaltmaq ali təhsilin əlçatanlığını tədricən zəiflədə bilər. Əgər qəbul yerlərinin müəyyən qədər azaldılması ali təhsildə keyfiyyət amilinin gücləndirilməsi ilə əsaslandırılırsa, o zaman təbii ki, müəyyən mənada real görünə bilər. Bəzən ali məktəblərə qəbul planı əmək bazarının real tələbatı ilə uzlaşdırılmadıqda bəzi ixtisaslar üzrə ehtiyac olandan da artıq kadr hazırlığı müşahidə olunur. Bu isə nəticədə ali təhsilli gənclərin işlə təmin olunmasında çətinliklər yaradır. Düzdür, işlə təmin olunma, karyera imkanları insanın həyatında mühüm amillərdən biridir. Lakin mən yenə də işsiz kütlənin təhsilli olmasını, təhsilsiz olmasından daha üstün olduğunu düşünürəm. Məsələn, əmək bazarında tələbatın aşağı olduğu ixtisaslar üzrə qəbul planına yenidən baxmaq olar, bunun əksinə isə, strateji sahələr – informasiya texnologiyaları, mühəndislik, təbiət elmləri, pedaqogika və innovasiya yönümlü ixtisaslar üzrə qəbul imkanlarını genişləndirmək daha rasional yanaşma ola bilər."-deyə ekspert əlavə edib.
Vüsalə Ağabəyli eyni zamanda, peşə təhsili sisteminin gücləndirilməsi də ali təhsilə alternativ və praktik yönümlü karyera yollarının formalaşmasına kömək edə biləcəyini qeyd edib.
"Digər mühüm məqam isə ali təhsilin regional inkişafla əlaqələndirilməsidir. Universitetlərin regionlarda inkişafı, yeni ali təhsil müəssisələrinin yaradılması və ya bəzi universitetlərin regionlara köçürülməsi kimi təşəbbüslər həyata keçirilərsə, qəbul yerlərinin azaldılması deyil, əksinə, daha balanslı şəkildə paylanması məncə səmərəli nəticə verə bilər. Bu yanaşma həm regionların sosial-iqtisadi inkişafına, həm də gənclərin yaşadıqları mühitə daha yaxın təhsil imkanları əldə etməsinə şərait yaradar.
Yəni, ali təhsil müəssisələrinə qəbul yerlərinin 10 faiz azaldılması məsələsi sadə statistik qərar kimi deyil, kompleks təhsil siyasətinin bir hissəsi kimi nəzərdən keçirilməlidir. Əsas məqsəd qəbul yerlərinin sayını azaltmaq deyil, ali təhsilin keyfiyyətini artırmaq, əmək bazarı ilə uyğunluğunu təmin etmək və ölkənin insan kapitalını daha səmərəli inkişaf etdirmək olmalıdır".
Ekspert qərarların geniş ictimai müzakirələr, ekspert rəyləri və strateji planlaşdırma əsasında qəbul olunacağı halda, daha effektiv nəticələr əldə etməyin mümkün olduğunu qeyd edib.
"Bu məsələ yalnız təhsil sisteminin daxili idarəetməsi ilə deyil, eyni zamanda ölkənin sosial, iqtisadi və intellektual inkişaf strategiyası ilə birbaşa əlaqəlidir. Ona görə də bu cür qərarlar qəbul edilərkən həm mövcud reallıqlar, həm də gələcək inkişaf perspektivləri diqqətlə nəzərə alınmalıdır.",-deyə professor bildirib.
Turqut Ansari
09:29 18.03.2026
Oxunuş sayı: 51