O zaman bir ümid vardı

"Mənə elə gəlirdi ki, sözün qədir-qiymətini bilən Mahmud Mahmudovu Tanrı ancaq yazıb-yaratmaq üçün xəlq eləmişdi". Bu fikirləri qət edəndə hələ Jurnalistika fakültəsinin tələbəsi deyildim. Sonradan Mahmud müəllimin insani keyfiyyətləri də fikirlərimin üzərinə əlavə olundu, düşüncələrimdə kök saldı. Onda anladım ki, Mahmud Mahmudov yaşadığı ömürlə təkcə sözünün deyil, elə özünün də böyüklüyünü, bəlkə biixtiyar şəkildə yaratmışdır. O, publisistikasında alim adam idi, insanlığıyla da aləm adam. Yazılarında "janr" təyinetmələri sezilmirdi. Və bu bir utancaqlığın, sadəlik və alicənablığın təzahürü idi. Son zamanlar fakültəmizin digər abır-həyalılığı ilə seçilən müəllimi Ayaz Musayev dostu Mahmud Mahmudovla birlikdə ərsəyə gətirdikləri məqalələri janrlara bölmüşdülər. Və Ayaz Musayev "80 yaşın aydınlığı içində" məqaləsində dostuna, həmkarına xitabən "hədsiz təvazökar insan" ifadəsini işlətmişdi. Lev Anninski də Vasili Şukşin barədə təxmini eyni ifadələri söyləyirdi: "Şukşin, vicdanlı və utancaq idi".
Dünyanın harasında olursan-ol. İspan, yapon, türk, rus və ya azərbaycanlı ol. Fərq etməz. Əgər söz, fikir adamısansa, sənin dünyan birdir. Sən elə dünyanın adamısan. Gerçək, yaxud bədii düşüncənlə, bəşəri mövqeyin, yaxud fiziki və bioloji mənada elə bu dünyanın içindəsən. Fəqət, sənin dünya içində öz dünyan ola bilər. Elə Mahmud Mahmudovla Vasili Şukşinin dünyası eyni idi: hər iki publisist insan ucalığını, şəxsiyyətini qorumağı, müdafiə etməyi dəyişən və daim hərəkətdə olan dünyada, gündəlik işdə, canlı və cansız aləmə münasibətdə, ənənələrin itib-batdığı bir zamanda onları yaşatmaqda, kütləvi informasiyanın təsiri altında insanın "kar", "kor" olduğu bir dönəmdə doğrunu qələmə almaqda, doğru yaşamaqda görürdülər...
Uzun illər bundan öncə Mahmud Mahmudovun "Sandıq" hekayəsini oxumuşdum. Orada müəllif özünün prototipini — "Mahmud Mahmudoviç"i yaratmışdır (əgər hekayənin, əsərdəki qəhrəmanın adında yanılaramsa, yanlışlığa yer verərəmsə, çox üzrlü sayın). Hekayə qəhrəmanı vaxtilə yazdığı hekayələrin, şeirlərin dərcinə nail ola bilmir. İllər ötür. Sonralar həmin sevgi şeirlərini böyük səxavətlə bir-birini sevən gənclərə ərmağan edir. Ümumiyyətlə, Mahmud Mahmudovun "Mahmud Mahmudovoviç"i, Şukşinin Paşka Kolokolnikovu tamaşaçı, oxucu düşüncəsinin zəminində həmişəyaşardır.
Əbəs yerə Mahmud Mahmudovla Vasili Şukşini eyniləşdirmədim. Çünki onların yaradıcılığındakı oxşarlıqla bərabər, həm də insanlıqları arasında çox böyük eynilik vardır. Şukşin yaradıcılığının əsasında onun təbiətindən keçən sadəliyi dayanır. Əsərlərində Şukşinin mənəvi böyüklüyündən doğan "bunu bacarmıram" ifadəsi nəinki sətiraltı, hətta açıq şəkildə görünür. Bu məqamları Şukşin yaradıcılığını araşdıranlar, oxucular yaxşı bilirlər. Bir pandemiya dönəmində, dünyanı xəstəliklə birlikdə internet torunun cənginə aldığı zamanda Mahmud Mahmudov da Şukşin kimi davrandı. Anidən verdiyi qərarla təqaüdə çıxdı. Ömrünü həsr etdiyi fakültədən ayrıldı. O zaman hər kəs məyus olmuşdu. İçimizdə müəllimimiz yenidən tədrisə, doğma fakültəyə qayıdar deyə, ümid vardı.
Əsgər İsmayılov
13:38 08.12.2024
Oxunuş sayı: 24041