Telefon zəngləri...
Hər birimiz gün ərzində dəfələrlə telefonla danışığı edərik. Müxtəlif adamlarla. Bəziləri qısa, bəziləri uzun çəkir...
Elə telefon danışıqları da var ki, həyatımızı dəyişir. Gözlənilməz xəbərlə nə edəcəyimizi bilmirik. Vaqif Səmədoğlu telefonu qantellə müqayisə edir:
Qüvvəm çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli...
Doğrudur, telefon vasitəsilə pis xəbərlər almağımız da olur: ölüm xəbərləri, ayrılıq mesajları...
Yenə də şairin dediyi kimi:
Pis günlər oxşamaz bir- birinə
Birində özün susarsan,
Birində telefon.
Amma etiraf etmək lazımdır ki, telefon zəngləri ilə heç də hər zaman pis xəbərlər almırıq. Bəzən də həyəcanlanırıq, sevinirik və eşitdiyimiz bir neçə cümlə ilə indiyədək niyə zəhmət çəkdiyimizi, nə üçün durmadan ora-bura qaçdığımızı anlamış oluruq. Adətən belə anlarda nə deyəcəyimizi bilmirik. Çünki zəng gözlənilmədən gəlir. Bayaqdan bəri əlimizdə tutaraq bir sosial şəbəkədən çıxıb digərinə girdiyimiz telefonun işıqlı ekranında qəfil naməlum nömrə peyda oluruq. Zəngi açırıq:
- Alo, buyurun...
Beləliklə, həyatımızı dəyişəcək təklifi eşidirik. Bizi çoxdan tanıdıqlarını, izlədiklərini, fəaliyyətimizi bəyəndiklərini deyir indiyədək səsini eşitmədiyimiz, ünsiyyətimizin olmadığı şəxs. Və əməkdaşlıq təklif edir. Nə deyəcəyini bilməsən də, nəsə deməli olduğunu anlayırsan...
Telefon zəngi başa çatandan sonra düşünürsən: kimsə bu dünyada tək yaşamır. 7 milyard əhalisi olan planetdə səni də izləyir, müşahidə edir, kənardan "ölçüb-biçirlər". Gözləri tutdusa, aralarına dəvət edirlər. Və beləcə həyatında yeni mərhələ başlayır.
Çingiz Abdullayevin "Mavi Mələklər" əsərində təxminən belə bir hissə var: Növbətini tapşırığını yerinə yetirən peşəkar agent ölkəsinə, evinə qayıdır. O, qəfildən, günlərin birində gələcək növbəti telefon zəngini təmkinlə gözləyir. Həyat yoldaşı isə belə zənglərə çoxdan öyrəşib...
Yəni qəribədir telefon zəngləri. Xüsusilə də həyatımızı dəyişənlər...
17:52 14.03.2026
Oxunuş sayı: 52