Azərbaycanın “sabitlik adası” siyasəti: bağlı sərhədlər, güclü təhlükəsizlik
Son dövrlər regionda baş verən geosiyasi proseslər və artan təhlükəsizlik riskləri quru sərhədlərinin bağlı qalması məsələsini yenidən gündəmə gətirib.
Baş nazir Əli Əsədov bildirib ki, regionda baş verən hadisələr Azərbaycanın quru sərhədlərini bağlı saxlamaq qərarının əsaslı olduğunu göstərir.
Onun sözlərinə görə, mövcud vəziyyət fonunda ölkənin təhlükəsizliyinin təmin edilməsi və sabitliyin qorunması prioritet məsələ olaraq qalır.
Mütəxəssislər isə hesab edir ki, quru sərhədlərinin bağlı qalması həm regional gərginlik, həm də müxtəlif təhlükəsizlik riskləri baxımından müəyyən qoruyucu rol oynaya bilər.
Bəs quru sərhədlərinin bağlı saxlanılması Azərbaycanı hansı təhlükələrdən qoruyur və bu risklərin qarşısını almaq üçün alternativ mexanizmlər mövcud idimi, yoxsa sərhədlərin bağlanması zəruri addım idi?
Mövzu ilə bağlı Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Crossmedia.az-a açıqlama verib:

"Regionda baş verən hadisələri görürsünüz – həm şimalda, həm də cənubda baş verən proseslər göz qabağındadır. Ona görə də, bu baxımdan quru sərhədlərinin müəyyən müddət bağlı saxlanılması Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına, ölkədə mövcud olan sabitliyin qorunmasına və ölkə daxilində gedən proseslərə kənardan müdaxilələrin qarşısının alınmasına ciddi müsbət təsir göstərir. Biz bunun canlı şahidi oluruq və bunu aydın şəkildə görürük.
Bu gün regionda sabitlik adası məhz Azərbaycandır və bu sabitliyi qoruyub saxlamaq lazımdır. Bu sabitliyi ciddi şəkildə müdafiə etmək, onun qorunması haqqında daim düşünmək vacibdir.
Ona görə, hesab edirəm ki, bu nöqteyi-nəzərdən Azərbaycan çox ciddi təhlükəsizlik tədbirləri görüb və bundan sonra da bu tədbirlər davam etdirilməlidir".
Deputat bildirib ki, həm İranda baş verən hadisələr, həm Rusiyanın müharibədə iştirakı, həm də ümumiyyətlə dünyada gedən proseslər göstərir ki, təəssüf ki, hər bir ölkə öz taleyini, öz müstəqilliyini və suverenliyini özü qorumalıdır:
"Bunun üçün dövlət güclü olmalı və öz təhlükəsizliyi haqqında ciddi şəkildə düşünməlidir. Bu baxımdan, Azərbaycanın təhlükəsizliyin təmin olunması istiqamətində gördüyü işlər və atdığı addımlar tam məntiqli və doğru addımlar kimi qiymətləndirilə bilər".
Ayhan
17:14 14.03.2026
Oxunuş sayı: 83