Krediti vaxtından əvvəl ödəyənlər diqqətli olsun: müqavilədə gizli şərtlər ola bilər
Bəzi insanlar kreditlə smartfon, texnoloji avadanlıq və ya digər əşyalar alırlar. Bəzən isə krediti vaxtından əvvəl ödəyirlər- məsələn, ayın 22-si olarkən ödənişi 10 gün qabağından bağlayaraq bu ayın ödənişindən bir qədər xilas olurlar. Bu vərdiş həm ailə büdcəsinə, həm də bankların kredit idarəçiliyinə təsir göstərir.
Ekspertlər bildirir ki, kreditin vaxtında və düzgün idarə olunması maliyyə sabitliyi üçün önəmlidir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a kreditin vaxtından əvvəl verilməsinin nəticələrindən danışıb:
"Kreditin vaxtından əvvəl ödənilməsi əksər hallarda maliyyə baxımından düzgün qərar sayılır. Bunun əsas səbəbi faiz xərclərinin azalmasıdır. Kredit müddəti nə qədər uzun olarsa, bankın hesabladığı ümumi faiz də bir o qədər çox olur. Borcu vaxtından əvvəl bağladıqda isə qalan müddət üçün hesablanacaq faizlər ödənilmir və nəticədə ümumi xərclər azalır.

Bu addım həm də insanın maliyyə yükünü yüngülləşdirir. Kredit öhdəliyinin tez bitməsi aylıq büdcədə daha çox sərbəst vəsait qalmasına kömək edir və gələcəkdə başqa maliyyə planları qurmaq daha rahat olur. Psixoloji baxımdan da borcun tez bağlanması insan üçün rahatlıq və təhlükəsizlik hissi yaradır".
A.Nəsirli deyib ki, kreditin vaxtından əvvəl bağlanması bəzi hallarda bank tərəfindən müəyyən komissiyalarla müşayiət oluna bilər:
"Bəzi kredit müqavilələrində erkən ödəniş üçün cərimə və ya əlavə ödəniş nəzərdə tutulur. Buna görə qərar verməzdən əvvəl müqavilə şərtlərini diqqətlə yoxlamaq vacibdir.
Ümumilikdə, əgər əlavə cərimə və ya ciddi komissiya yoxdursa, kreditin vaxtından əvvəl ödənilməsi maliyyə baxımından effektiv və müsbət nəticə yaradan addım hesab olunur. Bu həm faiz xərclərini azaldır, həm də insanın maliyyə sabitliyini daha tez bərpa etməsinə kömək edir".
Fatimə
16:27 14.03.2026
Oxunuş sayı: 1133