Beynəlxalq Parlament Konfransının iştirakçıları FÜZULİDƏ
Dekabrın 7-də Milli Məclisdə keçirilmiş “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində bu gün ilk olaraq Füzuli rayonunda olublar.
Nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, sonra Füzuli şəhərinə gəliblər. Onlara 30 illik işğal zamanı Ermənistan tərəfindən Füzuli rayonunda törədilən dağıntılar, vandalizm aktları, işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi və görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşırlar.
Nümayəndə heyəti sonra Şuşaya yola düşüb. Onları Milli Məclis sədrinin müavini Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət edirlər.
11:41
Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.
Nümayəndə heyəti təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək. (Azərtac)
08:37 08.12.2024
Oxunuş sayı: 6897