Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət
“Bir kafedə pəncərəyə söykənib çayı qarışdıran birini görürsən. Telefonu masanın üstündədir, ekranı qaranlıqdır. Halbuki rəqəmlər başqa mənzərə göstərir: araşdırmalara görə, müasir insan gün ərzində telefonuna orta hesabla 90 dəfədən çox baxır. Sosial platformalar istifadəçinin diqqətini bir mövzuda cəmi 7–8 saniyə saxlaya bilir. Amma o, bu statistikaların içində dayanıb. Heç nə gözləmir. Sadəcə sükutun içində qalmaq istəyir. Bu səhnə tək bir adama aid deyil. Başqa bir masada isə sən oturmusan. Telefon yenə yanındadır, amma bu dəfə ona baxmamaq şüurlu qərardır. Çünki artıq texnologiya təkcə həyatımızı asanlaşdırmır, davranışlarımızı formalaşdırır. Süni intellekt isə bu prosesin mərkəzində dayanır. Aldous Huxleynin “Brave New World” romanında texnologiya insanların duyğu və düşüncələrini manipulyasiya edir, bu gün də alqoritmlər oxşar rol oynayır, amma daha görünməz, daha səmimi üsullarla”.
Bir mətn içində iki səhnəni oxudunuz. Bu
iki səhnə iki ayrı mətnin başlanğıcıdır. Bəzi cümlələr süni intellekt tərəfindən
yazılıb, digəri insan qələminin məhsuludur. Amma oxucu üçün bu fərqi ayırd etmək,
hansı sətirlərin kimə aid olduğunu tapmaq getdikcə çətinləşir. 2024-cü ildə
aparılan eksperimentlərdə istifadəçilərin böyük əksəriyyəti süni intellekt tərəfindən
yazılmış mətni insan yazısından ayıra bilməyib. Problem texnologiyanın varlığı
deyil. Problem onun insan dilini, duyğusunu və düşüncə tərzini təqlid edə bilməsidir.
Süni zəkanın cəmiyyətə təsirini
araşdırmaq üçün vətəndaşlara üz tutduq. Aparılan sorğuda müsahiblərə süni
intellekt tərəfindən yaradılmış bir məhsul təqdim olundu və onlardan həmin
kontentin süni zəka məhsulu olub-olmadığını təxmin etmələri istəndi. On
iştirakçıdan yalnız üçü düzgün cavab verdi. Maraqlıdır ki, onlar da yalnız
sosial platformalarda həmin məzmunun süni intellekt tərəfindən hazırlandığını
öyrəndiklərini qeyd etdilər. Sorğuda iştirak edən digər vətəndaşlar süni
intellektin faydalarını qəbul etsələr də, onun yaratdığı risklərdən də
narahatdırlar. Sakin Ayşə Cəfərli qeyd edir ki, süni intellekt işləri
asanlaşdırsa da, şəxsi məlumatların necə istifadə olunduğu barədə şəffaflıq
olmadıqda texnologiyanın təhlükəli ola biləcəyini düşünür: “İşimiz asanlaşır,
amma şəxsi məlumatlarımızın necə istifadə edildiyini bilmirik. Etik qaydalar
olmadan bu texnologiya təhlükəli ola bilər”. Qüdrət Əliyev isə diqqəti insan
faktoruna yönəldir: “Texnologiya inkişaf etməlidir, amma insan düşüncəsini tam əvəz
etməməlidir”. Mehriban Əsədlinin fikrincə isə əsas məsələ düzgün nəzarətdir: “Süni
intellekt düzgün idarə olunarsa, təhlükəsiz və ədalətli rəqəmsal cəmiyyət
mümkündür”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis
Elvin Həsənov bildirir ki, hazırda süni intellekt əsasən biznes, sənaye və təhsil
sahələrində aktiv istifadə olunur: “Müasir dövrdə süni zəkadan əsasən biznes və
sənaye məqsədilə istifadə edilir. Həmçinin təhsil məqsədilə də istifadə
edildiyini görürük ki, hər hansı bir material lazım olduğu təqdirdə əlçatanlığımız
olur. Eləcə də sənaye məqsədilə istifadə etdiyimiz təqdirdə vaxt və resursların
qənaət edilməsinə gətirib çıxarır. Biznes məsələsinə gəldikdə isə hər hansı bir
planın yaradılmasına kömək edir”.
Bir vaxtlar süni intellekt yalnız filmlərdə
mövcud idi. “2001: A Space Odyssey”, “Ex Machina”, “Her” filmləri buna nümunə
ola bilər. Hər üç film texnologiyanın gücünü göstərməklə yanaşı, etik sualları
da ortaya qoyur.
Bu gün süni intellekt hansı xəbərləri
oxuyacağımızı, hansı videoları görəcəyimizi, hansı musiqini dinləyəcəyimizi, hətta
hansı məhsulu alacağımızı müəyyənləşdirir. Sosial şəbəkə alqoritmləri istifadəçinin
diqqətini saxlamaq üçün məzmunu filtrdən keçirir. Bu isə informasiyanın neytral
ötürülməsini yox, istifadəçini yönləndirməyi hədəfləyir.
Sadə bir misalla desək, on il əvvəl dərs
tapşırığını başa düşməyən şagird valideyninə müraciət edirdisə, bu gün süni
intellektdən bir kliklə cavab alır. Sosial şəbəkələrdə yayılan “Dərslərini
ChatGPT-yə etdirən balaca” videosu sadəcə gülməli video kontent deyil. Bu, təhsildə
məsuliyyət və öyrənmə anlayışının dəyişdiyini göstərən real faktdır. Hətta metroda
tibbi sualını süni intellektə ünvanlayan yaşlı kişi də eyni tendensiyanın başqa
tərəfidir. Burada artıq ciddi sual yaranır: yanlış cavab verilərsə, məsuliyyət
kimə aiddir? Bu sual Yuval Noah Hararinin “Homo Deus” kitabında toxunduğu insan
və mexanizm əlaqəsini xatırladır: texnologiya getdikcə həyati qərarları alır,
amma məsuliyyət hələ də insana məxsus olaraq qalır. Bu gün süni intellekt tərəfindən
yaradılan mahnılar milyonlarla dinlənir. Bəzi platformalarda süni intellekt
vasitəsilə yaradılmış səs və görüntülər real sənətçilərin adından yayılır.
Deepfake texnologiyası ilə tanınmış şəxslərin danışdığı, amma əslində, heç vaxt
demədiyi sözlər yayılır. Bu da gün keçdikcə süni intellekt və etika məsələsini
dəfələrlə gündəmə gətirir.
Demək mümkündür ki, 2023–2024-cü illərdə
ABŞ, Avropa və Asiyada yayılan deepfake videolar ictimai rəyə təsir göstərib,
yanlış məlumatların yayılmasına səbəb olub. Bu, artıq ictimai təhlükəsizlik problemidir. Nicholas Carrın “The Shallows” kitabında
vurğuladığı kimi, texnologiya diqqəti yayındırmaqla yanaşı, fərdi və cəmiyyət səviyyəsində
qərarverməyə təsir edir. Çünki təhlükəsiz rəqəmsal cəmiyyət yalnız serverlərin
qorunması ilə ölçülmür. O, insanların gördüyünə və oxuduğuna inanıb-inanmaması
ilə ölçülür. Bu da özü ilə bərabər, “media savadlılığı” termini ətrafında
düşünməyə vadar edir.
Bəs təhlükəsiz rəqəmsal cəmiyyət nədir?
Süni intellekt tərəfindən yaradılan məzmunun açıq şəkildə qeyd edildiyi, şəxsi
məlumatların qorunduğu, saxta informasiya ilə real faktın ayırd edilə bildiyi,
son qərarın insan tərəfindən verildiyi cəmiyyətdir. Bu prinsiplər
olmadıqda texnologiya inkişaf aləti olmaqdan çıxır, manipulyasiya vasitəsinə
çevrilir.
Süni intellekt jurnalistikada həm fürsət,
həm də riskdir. Avtomatik yazılmış xəbərlər, yoxlanılmamış məlumatlar, süni şəkildə
yaradılmış görüntülər informasiya mühitini çirkləndirir. Oxucu artıq xəbəri
oxuyarkən sual verir: bu fakt yoxlanılıb, yoxsa alqoritm tərəfindən yaradılıb? Bu
sualın artması jurnalistikanın əsas funksiyasını, etibarlı informasiya ötürmək
missiyasını zəiflədir.
Əslində, təhlükə texnologiyada yox, nəzarətsizlikdədir.
Süni intellekt nə yaxşıdır, nə də pis. O, yalnız bir vasitədir, vicdan və məsuliyyət
sahibi deyil. Təhlükəsiz rəqəmsal cəmiyyət süni intellekti qadağan etməklə yox,
onu etik, şəffaf və məsuliyyətli şəkildə idarə etməklə mümkündür. Bu çərçivələri
isə texnologiya yox, insan müəyyənləşdirir.
Bu gün seçim hələ də bizim əlimizdədir.
Ya süni intellekti dəyərlərimizə uyğun şəkildə yönləndirəcəyik, ya da bir gün
anlayacağıq ki, təhlükə texnologiyanın özündə yox, ona nəzarətsiz verdiyimiz
gücdədir.
Müəllif: Məryəm Abdullazadə,
Bakı Dövlət Universitetinin Jurnalistika ixtisasının IV kurs tələbəsi
Məqalə Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin
birgə təşkilatçılığı ilə keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin
qalibi seçilib.
13:49 10.03.2026
Oxunuş sayı: 106