Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur - YENİLƏNİB
Omandan Azərbaycana AZAL-ın xüsusi reysi ilə 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları geri qayıdır.
Crossmedia.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşların Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.
"Son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyimizin və Dubay şəhərindəki Baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib. Daha sonra, vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı Səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb".
10:25
Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Omanın Maskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.
Bu barədə Crossmedia.az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.
Bildirilib ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən "Boeing 787 Dreamliner" təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.
11:25 10.03.2026
Oxunuş sayı: 51