Rusiya Azərbaycanla münasibətləri müsbət istiqamətə dəyişdirməyə məcburdur - MÜSAHİBƏ
2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması regionda ciddi rezonans doğurmuş və iki ölkə arasında müzakirə mövzusuna çevrilmişdir. Hadisə nəticəsində çoxsaylı insan itkisi baş vermiş, qəzanın səbəbləri və onun doğurduğu nəticələr beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olmuşdur.
Məlumata görə, baş vermiş faciə ilə bağlı yaranmış problemlərin həlli məqsədilə Azərbaycan və Rusiya arasında müvafiq müzakirələr aparılır. Tərəflər hadisənin bütün aspektlərinin araşdırılması, nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə dəstək göstərilməsi istiqamətində praktiki addımların atılmasının vacibliyini vurğulayırlar.
Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökuməti Sədrinin müavini Aleksey Overçuk ilə görüşü zamanı da müzakirə olunub. Görüşdə bildirilib ki, tərəflər yaxın vaxtlarda baş vermiş qəza ilə bağlı yaranmış problemlərin həlli istiqamətində kompleks və praktik addımlar atmağı planlaşdırırlar.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Crossmedia.az-ın suallarını cavablandırıb:
— AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya ilə Azərbaycan arasında razılıq əldə olunub ki, kompleks addımlar atılsın. Bu razılıq təyyarə insidenti ilə bağlı hansı perspektivi vəd edir?
— AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından bir ildən artıq vaxt keçməsinə rəğmən, Rusiya tərəfindən konkret addımlar atılmadı. Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Prezident İlham Əliyevin, Rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı hadisənin raketlə vurulduğu bildirilimiş, cinayətkarların cəzalanacağı, zərərçəkənlərə və dövlətə dəymiş ziyana görə kompensasiya ödəniləcəyi bildirilmişdi. Reallıqda isə, əksi baş verdi. Rusiya İstintaq Komitəsinin rəhbərinin, Baş Prokuror Kamran Əliyevə ünvanladığı məktubda hadisə praktiki olaraq təhrif edildi. İndiki vəziyyətdə Rusiya siyasi, iqtisadi cəhətdən çətin duruma düşüb. Tərəfdarları barmaqla sayılacaq qədərdi və Azərbaycan kimi güclü, bütün qütblər tərəfindən qəbul olunan və müstəqil siyasət aparan dövlətə çox ehtiyacı var. Cənab Prezident ilk gündən tələblərimizi şərt olaraq irəli sürüb və onların icrası ölkələrimiz arasında etimad mütinin formalaşmasına səbəb ola bilər. Cinayətkar cəzalanmalı, zərərçəkənlərə və dövlətə dəymiş zərər ödənilməlidir. Başqa yol yoxdur.

— Rusiya Azərbaycana kompensasiya ödəməzsə, bu, münasibətlərə necə təsir edə bilər?
— Kompensasiya ödənilməsə, münasibətlərdə gərginlik davam edəcək. Bu da, hazırki vəziyyətdə, beynəlxalq sanksiyalardan əziyyət çəkən, təcrid olunmuş Rusiyanın maraqlarına ziddir və Azərbaycanı tamamilə itirə bilər. İstər siyasi, iqtisadi, istərsə də, qlobal təhlükəsizlik baxımından.
— Ümumiyyətlə, münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?
— Sovetlər İttifaqı dağılandan sonra ötən müddətdə Azərbaycan, Ermənistan xaric bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşdur. O cümlədən də, şimal qonşumuz Rusiya ilə. Baxmayaraq ki, Qarabağ münaqişəsi ilə əlaqədar, bu dövlət tərəfindən, qərəzli, ikili standartlara söykənən münasibətlə üzləşirdik. Məlum təyyarə olayından sonra, münasibətlərdə soyuqluq yarandı. Azərbaycanın, beynəlxalq hüququn normalarına uyğun tələblərimə adekvat yanaşılmadı. Əksinə, Rusiyada yaşayan soydaşlarımıza qarşı, nümayişkaranə şəkildə qanunsuz davranışlar sərgiləndi. Bu da təbii olaraq, xalqımız tərəfindən hiddətlə qarşılandı. Belə olmaz. Münasibətlər hələlik, yumşaq desək sərindir. Arzu olunan səviyyədə deyil. Biz, qonşuyuq. Top Rusiya tərəfindədir və ilk addımı onlar atmalıdırlar.
— Yaxın Şərqdə davam edən müharibə ilə əlaqədar Rusiya Azərbaycanın münasibəti necə dəyişə bilər?
— Düşünürəm İran tək İsrail ilə yox, ABŞ ilə, artıq bu gündən körfəz ölkələri ilə, Britaniya ilə də müharibə aparır. Bu ölkənin siyasətini, normal məntiqlə anlamaq son dərəcə çətindir. Eyni zamanda, Ermənistan və Rusiya istisna olmaqla, region dövlətləri ilə münasibətləri yaxşı deyil. Ötən ilin 12 günlük müharibəsində, eləcə də son günlər baş verənlər göstərdi ki, Rusiya İranı müdafiə etmək iqtidarında deyil. Rusiya ilə Azərbaycan münasibətlərini İran müəyyənləşdirmir. Düzdür, burada ikitərəfli, üçtərəfli əməkdaşlıq platformaları var. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti, Rusiyanın Yaxın Şərq regionuna, Hind okeanına çıxışı ilə bağlı iqtisadi layihələrin icrası ilə bağlı ləngimələr olacaq. İran-ABŞ-İsrail müharibəsi, Rusiyanı Azərbaycana qarşı daha praqmatik, ədalətli siyasət aparmağı şərtləndirir. Ən azından, cənub sərhədlərunin etubarlı qorunması baxımından. Ukraynada müharibə başa çatmayıb və Rusiya çox böyük maliyyə, iqtisadi resursların, insan itkisi ilə üz-üzədir. İranda baş verənlərin, ətraf bölgələri əhatə etməyəcəyinə kimsə zəmanət verə bilməz. Ona görə də, Rusiya Azərbaycanla münasibətləri müsbət istiqamətə dəyişdirməyə məcburdur.
Elmir Heydərli
11:57 05.03.2026
Oxunuş sayı: 954