Səmanı fəth edən iradə: Leyla Məmmədbəyova
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.(H.Cavid)
Azərbaycan tarixini yalnız müharibələr, siyasi qərarlar və dövlət quruculuğu prosesləri üzərindən öyrənmək natamam yanaşma olardı. Bu tarixin dərin qatlarında başqa bir güc – sosial sabitlik, mədəni davamlılıq və mənəvi dirənişin təminatçısı olan qadın faktoru dayanır. Azərbaycan qadını əsrlər boyu ailə institutunun qoruyucusu olmaqla yanaşı, milli kimlik, dil, mədəniyyət və maarifçiliyin daşıyıcısı kimi çıxış etmişdir.
Azərbaycan qadını hər zaman tarix yazan, cəmiyyətin inkişaf trayektoriyasını müəyyən edən qüvvə olmuşdur. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan cəmiyyətində qadının ictimai statusunun transformasiya mərhələsi kimi xarakterizə olunur. Maarifçilik hərəkatı, dünyəvi təhsilin yayılması, qadın məktəblərinin açılması və ictimai diskursda qadın mövzusunun aktivləşməsi yeni bir mərhələnin əsasını qoydu. Bu mərhələ qadını passiv sosial obyekt olmaqdan çıxarıb aktiv ictimai subyektə çevirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi region miqyasında tarixi hadisə idi və bu fakt qadının siyasi subyekt kimi tanınmasının hüquqi təsdiqi oldu. Sovet dövründə isə qadınların təhsil və əmək bazarına geniş cəlb olunması ictimai strukturda yeni balans yaratdı. Lakin bu proses təkcə inzibati qərarlarla baş vermədi, o, konkret simaların şəxsi cəsarəti və iradəsi ilə reallaşdı.
Məhz belə bir tarixi və ideoloji fonda XX əsrin 30-cu illərində Azərbaycan qadınının yeni bir simvolu formalaşdı – səmanı seçən qadın.
Səma həmin dövrdə yalnız fiziki məkan deyildi. O, texnoloji tərəqqinin, modern dövlətçiliyin və hərbi-strateji gücün rəmzi idi. Aviasiya isə ən riskli və ən məsuliyyətli sahələrdən biri sayılırdı. Belə bir məkana qadının daxil olması fərdi uğur olmaqla yanaşı, ictimai şüurda dönüş nöqtəsi idi və bu dönüş nöqtəsi Leyla Məmmədbəyova oldu.
“...Əgər fırtına zamanı aeroport üzərində U-2 görünürsə, çox güman ki, bu, Leyla xanımdır”.
Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda dünyaya gəlmişdir. Uşaqlıq illərindən elmə və texnikaya maraq göstərən Leyla məktəb illərində fizika və riyaziyyat fənlərinə xüsusi diqqət yetirmişdir. 1920-ci illərdə Azərbaycan maarifçilik hərəkatının gücləndiyi dövrdə o, Bakı Qızlar İnstitutunda təhsil almış və bu təhsil onun texniki sahələrə marağını artırmışdır.
1931-ci ildə Leyla Bakı Aeroklubuna daxil olmuş, burada ilkin pilot hazırlığı keçmiş, 1933-cü ildə rəsmi pilot vəsiqəsi alaraq solo uçuşlara başlamış, Azərbaycanın və ümumilikdə müsəlman Şərqinin ilk qadın pilotu kimi tarixə düşmüşdür. Onun adı Aeroklubun qeydiyyat jurnallarında və Azərbaycan SSR Mülki Aviasiya İdarəsinin fond sənədlərində əks olunmuşdur.
1933-cü il martın 17-də Leyla Məmmədbəyova ilk paraşüt tullanışını həyata keçirir və Nina Kamnevadan sonra Sovet İttifaqının ikinci qadın paraşütçüsü olur. Bu, tarixi bir an, qadının ictimai şüurda və sosial stereotiplərdə sərhədləri genişləndirməsinin simvolu idi. İlk paraşüt tullanışı zamanı ayağı iplərə ilişən Leyla cəsarətini itirmədən ikinci halqanı çəkərək uğurla yerə enir. Yerdə olanlar onun darmadağın olacağını gözləsələr də, o, iradəsi və hazırlığı sayəsində bu riskli anı müvəffəqiyyətlə adlayır.
1934-cü ildə Leyla Məmmədbəyova Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş, 1941-ci ilədək aviasiya mayoru rütbəsinə yüksəlmişdir.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Leyla Məmmədbəyova dörd uşaq anasıydı. Uşaqları hələ balaca olduğundan onun müharibədə iştirakına icazə verilmədi. Həmin dövrdə Bakı Aeroklubu bağlanmış və o, işsiz qalmışdı. Lakin Leyla iradəsini itirməmiş, şəxsən Mir Cəfər Bağırovun qəbuluna gedərək vəziyyətini izah etmiş, nəticədə, Planer-paraşüt klubunun açılmasına nail olmuş və Bakı Aeroklubunda müəllim kimi fəaliyyətə başlamışdı.
Müharibə illərində Leyla Məmmədbəyova yüzlərlə desantçı və dörd min paraşütçünü hazırlayaraq cəbhəyə yollamışdı. Onların arasında tələbələri Adil Quliyev və Nikolay Şeverdyayev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Leyla Məmmədbəyovanın cəsarəti və sənətə bağlılığı Azərbaycanda ilk hərbi qadın pilot Züleyxa Seyidməmmədova üçün də ilham mənbəyi olmuşdu.
1949-cu ildə həkimlər ona uçmağı qadağan etdikləri üçün son uçuşunu həyata keçirir. Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyətlərinə görə bir sıra dövlət mükafatları ilə təltif olunmuşdur. 27 yanvar 1936-cı ildə “Şərəf nişanı” ordeni, 1945-ci ildə “Qafqazın müdafiəsinə görə” medalı, 25 fevral 1946-cı ildə “Əməkdə fərqlənməyə görə” medalı, həmçinin “Əmək rəşadətinə görə” və “Əmək veteranı” medalları ilə təltif olunmuşdur. Uşaqları və ictimai məsuliyyəti ilə bağlı dəyərin simvolu olaraq Leyla Məmmədbəyova “Analıq medalı”na da layiq görülmüşdür.
Leyla Məmmədbəyovanın cəsarəti mədəniyyət və incəsənət sahəsinə öz təsirini göstərmiş, bir sıra şeir və filmlərə ilham vermişdir. 1934-cü ildə çəkilən “İsmət” bədii filmi məhz Leyla Məmmədbəyovaya həsr olunmuş, 1995-ci ildə onun haqqında sənədli film çəkilmişdir. 2025-ci ildə isə Leyla Məmmədbəyovaya həsr olunmuş “Səma xanımı” adlı qısametrajlı filmin təqdimatı keçirilmişdir. Xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı “Leyla” şeiri onun cəsarəti və sənətinə verilmiş poetik hörmətin nümunəsidir.
Beynəlxalq səviyyədə də onun adı ehtiramla yad olunur. Qazaxıstanın istehsal etdiyi “Leyla” PUA-sı Leyla Məmmədbəyovanın şərəfinə adlandırılmışdır.
1989-cu ilin iyulunda vəfat edən Leyla Məmmədbəyova I Fəxri Xiyabanda dəfn olundu. Lakin, bütün SSRİ-də məşhur olan, adına şeirlər yazılan, filmlər çəkilən və Azərbaycanın ilk qadın təyyarəçisi kimi tarixdə iz qoymuş bu şəxs haqqında qəzetlərdə nekroloq belə dərc olunmadı...
Bu gün biz yalnız bir pilotu yox, bir ruhu, bir iradəni və bir xalqın qadın potensialını xatırlayırıq. Səmada tarix yazan bu xanım bu gün də Azərbaycanın hər bir gənc qadını üçün örnəkdir və onun irsi hər zaman yaşayacaq. Leyla Məmmədbəyova səmanın xanımı olaraq Azərbaycan qadınının iradəsini və potensialını əbədiləşdirdi. Onun həyatı bizə xatırladır ki, qadın iradəsi və bacarığı bütöv bir xalqın inkişafını təmin edən ilk addım, ilk nümunədir.
Nigar Yahyazadə
09:42 05.03.2026
Oxunuş sayı: 551