Zakir Məmmədov: Elmə və vətənə bağlı ömür
İllərin necə tez ötdüyünü izah etmək çətindir. Bəzən insan xoş günlərinin, bəzən də yoxluğuna barışmadığı insanların həsrətilə yaşayır. Nəyi isə dəyişmək iqtidarında olmamaq qəlbdə ağır yük kimi hiss olunur. Zaman keçdikcə itirdiyimiz insanların sayı da artır. İlahi insanı sınağa çəkdikdə ona bu yükü daşıyacaq səbr də verir. Yaşananlarla sadəcə “həyatın qanunu” deyərək ovunmağa çalışırıq.
2026-cı il atamın – AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun 90 yaşı tamam olur. Onsuz ötən 23 il ailəsi, dostları, ümumiyyətlə, onun şəxsiyyətinə və alimliyinə hörmət edən hər kəs üçün izahı mümkün olmayan boşluqda keçmişdir. 2012-ci ildə nəşr etdirdiyim “Yazaraq yaşayan alim” kitabımda atamın alim kimi elmi yaradıcılığını işıqlandırmaqla yanaşı, çoxlarının bilmədiyi daxili aləmini, yaşadığı acılı-şirinli həyat yolunu vərəq üzərinə köçürməyə çalışmışdım. Hisslər elə bir qeyr-adi gücə sahibdir ki, onları bəzən qəlbində duyduğun qədər ifadə etməkdə çətinlik çəkirsən.
Zakir Məmmədov 40 illik elmi fəaliyyəti sayəsində Azərbaycan elm tarixində öz xidmətlərilə seçilən alimlərdəndir. Burada niyyətim onun xidmətləri və elmə gətirdiyi yeniliklər barədə söhbət açmaq deyildir. Mən sadəcə ötən 23 il ərzində onsuz nələrin yaşandığını, onun həyatdan niskilli getdiyi bəzi məqamların sanki hesabatını Atama verməyə çalışacağam.
Atam apardığı araşdırmalar üzərində çox düşünər, tam dəqiqləşdirmədiyi faktları çap etdirməyə tələsməzdi. Hər zaman özünə “daha nələri əlavə edə bilərəm?” sualı ilə yanaşardı. Özu bunu dilə gətirər və gənclərə də tövsiyyə edərdi. Onun fikrində əsas çap işi deyil, elmə gətirəcəyin yeniliyin doğruluğuna əminlikdir. Bu səbəbdən də, atamın kitabları cəmiyyətdə baş vermis ideoloji və siyasi dəyişikliyə baxmayaraq, ixtisara ehtiyac duymur. Şəxsi arxivində illərlə yazdığı bəzi araşdırmaları onun yoxluğundan sonra bacım Aytək tərəfində ilk dəfə tərtib edilərək çap olundu: “Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü)” (2009), “Bəhmənyar məktəbinin fəlsəfəsi” (2022), “Siracəddin Urməvinin dünyagörüşü” (2024), “Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” (2025). Gərgin araşdırmanın nəticəsində ərsəyə gəlmiş bu monoqrafiyalar ilk dəfə nəşr olunmuş və bir neçə iş isə hələ zamanını gözləyir. Məhz bu xüsusiyyət Zakir Məmmədovu digərlərindən fərqləndirir. Məlumdur ki, bir alim üçün cismən yoxluğundan sonra əlyazması şəklində qalmış yeni araşdırmaların üzə çıxarılması və çapı nadir faktlardandır.
“Azərbaycan fəlsəfəsi tarixi” (Bakı, 1994) monoqrafiyası alimin otuz illik elmi tədqiqatlarının nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunan kitablar sırasında “Azərbaycan fəlsəfəsi tarixi” 2006-cı ildə təkrar çap edilmişdir. Bu onun yoxluğundan sonra əməyinə verilən ilk böyük qiymət idi.
Atamın elmi yaradıcılığının təbliği işində filologiya elmləri doktoru, professor Şirindil Alışanlının rolu danılmazdır. Belə ki, onun “Elm” Redaksiya, Nəşriyyat Poliqrafiya Mərkəzinin direktoru olduğu vaxtlarda Zakir Məmmədovun həyat və fəaliyyəti AMEA və Mərkəzi Elmi Kitabxana tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən biblioqrafik göstəricidə 2010-cu, “Seçilmiş əsərləri” bir cilddə 2015-ci ildə çap olundu. Məhz onun təşəbbüsü və istiqamətləndirməsi sayəsində Azərbaycan elm və mədəniyyəti tarixində xidmətlər göstərmiş şəxsiyyətlər haqqında hazırlanan Azərbaycan Dövlət Televiziyasının “Unudulmayanlar” silsiləsində olan verlişlərinin biri də, atamın həyat və fəaliyyətinə həsr olunaraq nümayiş etdirildi.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə ömrünün 40 ilini çalışdığı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 2016-cı ildə 80 illik, 2021-ci ildə 85 illik yubileyləri qeyd olundu.
Zakir Məmmədov Asuanda işləyən ilk azərbaycanlı və yeganə ərəbşünas olmuşdur. Bu səbəbdən də, 2019-cu ildə İslam Əməkdaşlıq Təşkilatının Misirdə keçirilən böyük tədbiri zamanı Misir Prezidentinin müşaviri Usama Əl-Əzhərinin Azərbaycanın nümayəndə heyətilə görüşündə Zakir Məmmədovun Asuan bəndinin tikintisində xidmətini yada salması təsadüfi deyildir.
Atam millət və vətən sevgisini tez-tez dilində səsləndirən insanlardan deyildi. Ancaq əməllərilə xalqa və torpağa bağlılığını hər zaman nümayiş etdirmişdi. Keçmiş SSRİ dövründə Şərq ölkələrində işləmək xəyallarda yaşanılan, maddi və işgüzarlıq baxımından əhəmiyyətli sayılırdı. İlk ərəbşünaslardan olduğundan onun belə bir şansı reallaşdırmaq imkanı vardı. Lakin bir illik Misirdə Asuan bəndinin tikintisində tərcüməçilik fəaliyyətinin ardından dəfələrlə bu şansın yaranmasına baxmayaraq, o, xaricdə çalışmaqdan imtina etmişdi. Çünki Asuanda çalışdığı ilk aylardan Azərbaycan üçün darıxmışdı.
Sonradan ərəb və fars dillərini mükəmməl bildiyi üçün Qazaxstan Akademiyası tərəfindən ev və bütün maddi təminat vədilə iş təklifi alsa da, o, bundan da imtina etmişdi. Halbuki, həmin dövrdə bir çox sıxıntılar yaşayırdı. Sonralar “niyə qəbul etmədin?” sualına “əgər mən getsəydim işləmək üçün hər cür təmin olunacaqdım. Ancaq işlədiyim filosoflar Azərbaycan deyil, Şərq filosofları kimi təqdim edilməli idi. Mən bunu istəmədim”. Zakir Məmmədov ömrü boyu maddi və mənəvi sıxıntılarla yaşamasına baxmayaraq, heç zaman atdığı bu iki addıma görə peşman olmadı. Bəlkə də, bu yazılanlar çoxlarına qeyri-adi, inanılmaz görünsə də bu faktların doğruluğu onu yaxından tanıyanlara bəllidir.
Atamın həyatdan nisgilli köçdüyü əsas məsələ doğma Qarabağın, Ağdamın ermənilər tətəfində işğal edilməsi idi. Münaqişənin ilk vaxtlarından yaşanan gərginliklərə, itkilərə biganə qala bilmirdi. Rayonlarımızı, şəhərlərimizi bir-bir itirdikcə ruhən sarsılır, bununla barışmırdı. Yadımdadır, Xocalı faciəsi baş verdikdən sonra sanki doğulduğu Ağdam torpağını bir daha görməyəcəyini hiss etmişdi. Səhv etmirəmsə, aprel ayı atam Ağdama getdi. Çoxları təhlükəli bir vaxtda ardıcıl bombalanmaya, dağıntıya məruz şəhərə onun bu səfərini təəccüblə qarşıladı. Ancaq o, heç nəyə məhəl qoymayaraq Ağdama getdi. Şəhərdə bir neçə gün qaldı, uşaqlıq və gənclik vaxtlarını keçirdiyi doğma yurdunu küçə-küçə gəzməyə çalışdı. Ağdamı sanki sonuncu dəfə gözlərində həkk etdirməyi düşünmüşdü. Geri qayıtdıqda isə, gördüklərindən çox məyus olmuşdu.
2020-ci ildə Vətən müharibəsi zamanı verdiyimiz böyük itkilərə rəğman Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Azərbaycan Ordusunun sayəsində işğal olunmuş torpaqlarımızı geri qaytardıq. Təəssüf ki, atam bu Qələbəmizi görmədi.
Atamın gördüyü və işğaldan azad Ağdamın müqayisəsini vermək mənim üçün çətindir. Atamın oxuduğu 1 saylı orta məktəb, uşaq vaxtları rəsm və şeir dərnəklərində fəal olduğu pionerlər evi, o küçələr, Seyidli bağları, ümumiyyətlə, onun gözlərinə həkk etdirdiyi mənzərələr məhv olmuşdu. Ağdam artıq 27 il əvvəlki gözəl tikililəri, səsli-küylü Ağdam deyildi. Düşmən bu illər ərzində hər şeyi dağıtmışdı. Təsadüfi deyildir ki, xarici qonaqlar işğaldan azad olunduqdan sonra onu “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırırdılar.
Əvvəldə yazmışdım ki, Ata, sənə 23 ilin hesabatını verməyə çalışacağam. Təəssüf ki, ömrünün sonlarına qədər görməyi arzuladığın Ağdamın xatirələrilə bağlı sənə xoş xəbərlər verə bilmirəm. Düzdür, Ağdam yenidən müasir şəkildə qurulur. Lakin köhnə Ağdam sənin gözlərinə həkk olunmuş xatirələrlə yox olmuşdur. Hər qarışı, hətta qəbirstanlıqlar belə minalanmış, sərbəst hərəkət üçün təhlükəlidir.
Üzülərək bildirəcəyim başqa məqam isə Anan Hüsnü nənəmin məzarını tapmamağımızdır. Ermənilər 27 il boyunca nəinki daşı-divarı, hətta məzar daşlarını belə söküb aparmışlar. Qarağacı qəbirstanlığında bu gün yüzlərlə məzar ancaq yaddaşlara görə müəyyən edilir. Nənəmin məzarının hansı istiqamətdə olduğunu bilənlər artıq həyatda yoxdur. Bu səbəbdən onu tapmaq çətindir. Lakin bir ümid var. Ermənilərin “tamah saldığı” mərmərdən hörülmüş məzarlar idi. Onlardan tikinti materialı kimi istifadə edirmişlər. Hüsnü nənəm 1963-cü ildə rəhmətə getmiş, üzəri daşla hörülmüşdü. Bəlkə ermənilər bu səbəbdən onu sökməmişdi. Bir ümid var ki, minalar təmizləndikdən sonra nənəmin baxımsızlıqdan uçmuş məzarını tapıb bərpa edərik. İnşallah, onu tapmaqla sənin Qarabağ niskilini sonlandırarıq.
Sənin təmənnasız fədakarlığın, vətəndaşlığın həyatının bütün məqamlarını izlədikcə aydın görünür. Apardığın tədqiqatların hər zaman öz dəyərini saxlayır. Sən anana sonsuz bağlılığını vəfat tarixinlə anlatdın. Düz 40 il sonra ananın vəfatı günü Sən torpağa tapşırıldın. Hər kəs buna bir möcüzə dedi. Bu bağlılıq o məzarın aşkara çıxacağına ümid yaradır. İnanaq ki, əbədiyyətdə baş vermiş qovuşma maddi dünyamızda Onun məzarının torpağına qovuşmaqla da gerçəkləşər.
Zakir Məmmədovun qızı Ülkər
09:35 02.03.2026
Oxunuş sayı: 558