Sumqayıt təxribatı: məqsədli ssenaridən 38 il keçir
1988-ci ilin fevral ayının sonunda Sumqayıtda baş verən və sonradan geniş siyasi manipulyasiya alətinə çevrilən hadisələrdən 38 il ötür. Zamanın keçməyinə baxmayaraq, bu iğtişaşların arxasında dayanan səbəblər və sifarişçilər hələ də regional tarix üçün mühüm dərs olaraq qalır.
Həmin dövrdə Sovet İttifaqının daxilində fəaliyyət göstərən ermənipərəst dairələr və təhlükəsizlik strukturlarının bir hissəsi Azərbaycana qarşı planlı təxribat xəttini davam etdirirdi. Sumqayıt hadisələri də bu strategiyanın tərkib hissəsi idi. Məqsəd isə beynəlxalq aləmdə reallığı təhrif etmək, Azərbaycanı günahkar tərəf kimi təqdim etmək və erməni separatizminə “haqq qazandırmaq” idi.
Araşdırmalar və şahid ifadələri göstərir ki, iğtişaşlar spontan deyil, əvvəlcədən hazırlanmış ssenari əsasında həyata keçirilib. Hadisələrin əsas fiqurlarından biri, milliyyətcə erməni olan və sonradan iki dəfə məhkum edilən Eduard Qriqoryan olub. İstintaq materiallarında onun Sumqayıtda baş verən zorakılıqlarda birbaşa iştirak etdiyi, hətta beş erməninin qətlini şəxsən törətdiyi qeyd edilir. Bu fakt təkbaşına hadisələrin mahiyyətinin necə təhrif edildiyini açıq göstərir.
1988-ci ildə Sumqayıtın əhalisi təxminən 258 min nəfər idi və onların təqribən 18 mini erməni əsilli sakinlərdən ibarət idi. Fevral hadisələrinə qədər şəhərdə etnik zəmində ciddi qarşıdurma qeydə alınmamışdı. Bu gün də Sumqayıt çoxmillətli və çoxkonfessiyalı şəhər kimi tanınır.
İğtişaşlara aparan proses fevralın 26-da Dağlıq Qarabağ bölgəsində iki azərbaycanlı gəncin qətlə yetirilməsinə etiraz aksiyası ilə başlayıb. Dinc etiraz kimi başlayan bu proses erməni ekstremist qruplar və xüsusi agentlər tərəfindən qızışdırılaraq zorakılıq mərhələsinə keçirilib.
Hadisələrdən sonra SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, ölkənin müxtəlif bölgələrindən cəlb edilən yüzlərlə müstəntiq və əməliyyatçıdan ibarət xüsusi qrup yaradılıb.
Rəsmi istintaq nəticələrinə görə, iğtişaşlar zamanı 32 nəfər həlak olub – onların 26-sı erməni, 6-sı azərbaycanlı idi. 90-dan çox şəxs uzunmüddətli həbs cəzası alıb, bir nəfər isə ölüm hökmünə məhkum edilib. Lakin siyasi təzyiqlər səbəbindən istintaq tam məntiqi sonluğa çatdırılmayıb, sifarişçilər ifşa olunmayıb.
Məhz bu boşluqları aradan qaldırmaq üçün sonrakı illərdə Azərbaycan dövlətinin siyasi iradəsi ortaya qoyuldu. Prezident İlham Əliyevin göstərişi ilə vaxtilə dayandırılmış bir neçə cinayət işi yenidən icraata götürülərək vahid istintaqda birləşdirildi. Yeni yaradılmış istintaq-əməliyyat qrupu hadisələrin pərdəarxası məqamlarını üzə çıxardı.
Toplanan sübutlar təsdiqlədi ki, Sumqayıtdakı iğtişaşlar Ermənistanın xüsusi xidmət strukturları və SSRİ DTK-nın müəyyən dairələri tərəfindən koordinasiya edilən təxribat idi. Məqsəd Dağlıq Qarabağın (RED: Artıq belə inzibati ərazi vahidi yoxdur) Azərbaycandan ayrılmasının qeyri-qanuni olduğunu ört-basdır etmək, erməni və azərbaycanlıların birgə yaşayışını mümkünsüz kimi göstərmək və azərbaycanlıların Ermənistandan tam deportasiyasına zəmin yaratmaq olub.
İstintaq zamanı diqqətçəkən faktlardan biri də hadisələrdən əvvəl erməni əsilli sakinlərin kütləvi şəkildə əmanətlərini banklardan çıxarması, Ermənistanla intensiv maliyyə və telefon əlaqələrinin aparılmasıdır. Bu, iğtişaşların planlı xarakter daşıdığını bir daha sübut edir.
Bundan başqa, müəyyən edilib ki, Sumqayıtda yaşayan ermənilərin bir qismi Qarabağda fəaliyyət göstərən “Krunk” təşkilatına maliyyə dəstəyi göstərib. Maraqlıdır ki, məhz bu quruma müntəzəm pul köçürənlərin evləri hücumlardan kənarda qalıb. Bu fakt da zorakılığın seçici və məqsədli aparıldığını göstərir.
Hadisələr zamanı bir çox azərbaycanlı ailənin erməni sakinləri öz evlərində gizlədərək xilas etməsi isə Sumqayıt əhalisinin humanizmini və təxribat ssenarisinə uymadığını açıq şəkildə nümayiş etdirir. Bütün bunlara baxmayaraq, hadisələrin foto və video materialları əvvəlcədən hazırlanmış şəkildə xaricə ötürülərək anti-Azərbaycan kampaniyasının əsas alətlərindən birinə çevrilib.
Bu gün artıq faktlar və sübutlar əsasında aydındır ki, Sumqayıt hadisələri Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş planlı siyasi təxribat olub. Hazırda da həmin cinayətlərin sifarişçilərinin və icraçılarının tam şəkildə ifşası istiqamətində araşdırmalar davam etdirilir.
Fatimə Məmmədova
16:00 28.02.2026
Oxunuş sayı: 680