Sağlamlıq

"Hər şey mükəmməl olmalıdır!" yeniyetmələrdə perfeksionizm və onun görünməz təhlükələri

Mükəmməl olmaq arzusu əslində nə qədər mükəmməldir? Son illərdə biz psixoloqlar yeniyetmələr arasında artan perfeksionizm meylinə xüsusi diqqət yetiriblər. Bu meyl bəzən onları zirvəyə aparan motivasiya, bəzən isə uçuruma sürükləyən yük ola bilər. Perfeksionizmin haradan qaynaqlandığını, yeniyetmələrin həyatına necə təsir etdiyini və bu problemlə mübarizə yollarını müasir tədqiqatların işığında araşdıraq.
 
Perfeksionizmin pərdəarxası: “Hər kəs baxır, mən necəyəm?”
 
Sosial media əsrində yeniyetmələr yalnız özlərinə yox, həm də başqalarının idealizə olunmuş həyatlarına diqqət yetirirlər. 2021-ci ildə Böyük Britaniyada aparılmış bir araşdırma göstərib ki, sosial mediada mükəmməl bədən quruluşu, mükəmməl həyat və mükəmməl uğurların nümayişi yeniyetmələrin özlərini daim aşağı hiss etməsinə səbəb olur. Onlar başqalarının standartlarına çatmaq üçün özlərini “daha yaxşı” olmağa məcbur edirlər.
 
Mükəmməlliyin gözəgörünməz dəyəri: Zehni sağlamlıq
 
Perfeksionizm çox vaxt yüksək standartlara malik olmaqla qarışdırılır. Halbuki bu, hər şeydə səhv axtarmaq və daim narahatlıq hissi ilə müşayiət olunur. Tədqiqatlar göstərir ki, “ya hər şey, ya heç nə” düşüncəsi kiçik uğursuzluqları belə böyük məğlubiyyət kimi qəbul edir və depressiya riskini artırır. Digər tərəfdən, yüksək akademik və sosial tələblər altında yeniyetmələrdə fiziki və emosional tükənmişlik tez-tez rast gəlinir.
 
“Mükəmməl valideynlər” və onların etkisi
 
Perfeksionizmin kökləri çox vaxt ailədən başlayır. Valideynlər bəzən bilmədən uşaqlarına “hər zaman ən yaxşı olmalısan” mesajını ötürürlər. 2020-ci ildə ABŞ-da aparılmış araşdırma göstərib ki, tənqidə əsaslanan valideyn yanaşması yeniyetmələrdə özünəinamın azalmasına və perfeksionizm meyllərinin artmasına səbəb olur. Əksinə, emosional dəstək göstərən ailələrdə uşaqlar daha balanslı inkişaf edir.
 
Təhsil sistemi: Balanslı yanaşma zərurəti
 
Müəllimlər də bu problemin həllində mühüm rol oynayır. Akademik təzyiqi azaltmaq və yeniyetmələrə səhvlərin öyrənmənin bir hissəsi olduğunu öyrətmək vacibdir. Finlandiyada həyata keçirilən bir proqram çərçivəsində müəllimlər yeniyetmələrə “həyatdakı uğurun yalnız akademik nailiyyətlərdən ibarət olmadığını” vurğulayıblar və nəticədə tükənmişlik əlamətləri əhəmiyyətli dərəcədə azalıb.
 
Çıxış yolu: Daha çox özünü qəbul, daha az özünü tənqid
 
Perfeksionizm problemini idarə etmək üçün aşağıdakı yanaşmalar tövsiyə olunur:
• Cognitive Behavioral Therapy (CBT): Psixoterapiya perfeksionist düşüncə tərzini dəyişmək üçün effektiv vasitədir.
• Reallığın Qəbulu: Yeniyetmələrə “səhv etmək insana xas xüsusiyyətdir” mesajını çatdırmaq.
• Sosial Dəstək: Valideynlər və müəllimlər yeniyetmələrə şəfqətlə yanaşıb onların özünü daha çox qəbul etməsinə kömək etməlidir.
 
Nəticə: Mükəmməl olmaq məcburiyyəti mükəmməl olmaqdan daha zərərlidir
 
Perfeksionizm, xüsusilə sosial medianın təsirində böyüyən nəsil üçün əsas təhlükələrdən biridir. Onlara həqiqi dəyərin mükəmməllikdə deyil, özünüdərk və özünü inkişafda olduğunu öyrətmək hər bir valideynin, müəllimin və psixoloqun missiyasıdır.
 
Aysu Həsənova
Klinik psixoloq
 
 

14:34 06.12.2024

Oxunuş sayı: 3782

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR