Tarixin qırılmış zənciri: 100 min il əvvəlin itkin nəsli
Tarix boyu saysız-hesabsız müəmmalar baş verib. Bəziləri itmiş, bəziləri isə birdən-birə yox olmuşdur. Qədim səhifələr bağlanıb, yenisi açılıb, amma bəzi sirrlər hələ də gün üzünə çıxmayıb.
Bəs o itkin insanlar harada idi? Niyə izləri bir anda yoxa çıxdı? 100 min il əvvəl Afrikadan çıxaraq, Ummana çatan ilk insan qrupunun taleyi bu sirrin açılmasına işıq tutur.
Arxeoloji tapıntılar göstərir ki, Afrikadan çıxan Homosapiens qruplarından biri təxminən 100 min il əvvəl Umman ərazisinə çatmış, lakin daha sonra tamamilə yox olmuşdur.
Məlumdur ki, bu gün Afrika xaricində yaşayan bütün insanlar, Afrikanı 70–50 min il əvvəl tərk edən və dünyaya yayılan bir insan köç dalğasının nəticəsidir.
Lakin son tədqiqatlar göstərir ki, bəzi qruplar bundan daha əvvəl də Afrika xaricinə çıxmış, lakin uzun müddət yaşaya bilməmiş və genetik iz qoymamışdır.
Yeni araşdırma, Ummanın Dhofar bölgəsindəki dörd tarixöncəsi sahədəki tapıntıları incələyərək, burada 109.000–95.000 il əvvəl insan yaşadığını ortaya qoyur.
Bu qrup Nil çayında təxminən 150 min il əvvəl yaranmış Nubia Levallois texnologiyasına aid daş alətlər buraxmışdır.
Bab el Mandab boğazının təxminən 115 min il əvvəl səviyyəsi 30 km-dən 5 km-ə qədər azalaraq keçid üçün əlverişli olmuşdur. Bu, insanların suların üzərindən keçərək Ərəbistana çatması üçün imkan yaratmışdır. Quruya çatdıqda, nəmli və otlarla örtülü geniş ərazi qarşılamış, bu da onların qidalanması və yaşayışı üçün əlverişli şərait təmin etmişdir.
Araşdırmalar 100 min il əvvələ aid böyük göllərin və mağaralardakı sarkıt-dikitlərin mövcudluğunu təsdiqləyir. Bu isə ərazidə əhəmiyyətli su mənbələrinin mövcud olduğunu göstərir. Lakin təxminən 93 min il əvvəl Nubia Levallois alətləri birdən yox olur. Daha sonrakı tapıntılar əvvəlki texnologiyanı davam etdirmir və bu, həmin insanların yaşamaq imkanlarını itirdiyini göstərir.
İqlim məlumatları göstərir ki, həmin dövrdə ərazi sürətlə quraqlığa məruz qalmış, su mənbələri qurumuş və həyat şərtləri kəskin pisləşmişdir.
Yeraltı su ilə qidalanan kiçik göllər və mənbələr yox olmuşdur, bu da insan qrupunun demoqrafik baxımdan zəifləməsinə səbəb olmuşdur.
Maraqlıdır ki, Aralıq dənizi bölgəsində tapılmış Nubia Levallois alətləri də eyni dövrə aiddir. Bu isə eyni vaxtda Afrikadan ayrılmış iki fərqli insan qrupunun mövcud olduğunu göstərir. Biri cənub istiqamətində Arabistana gedərək yox olmuş, digəri isə şimala, Orta Şərqə yönəlmiş və Neandertallerlə qarşılaşmış ola bilər. Lakin onların genləri gələcək nəsillərə ötürülməmişdir.
Nəticədə məlum olur ki, Avrasiyanın davamlı şəkildə kolonizasiyası yalnız 80 min il sonra baş vermişdir. Daha əvvəlki insan yayılımları isə qısa ömürlü, iqlim və ətraf mühit şəraitindən asılı olmuşdur. Bu tapıntılar insan tarixinin daha mürəkkəb və çox mərhələli olduğunu göstərir.
Fatimə Məmmədova
01:25 01.03.2026
Oxunuş sayı: 463