Tədqiqat universiteti modelinə keçid Azərbaycan elmi üçün nə vəd edir?
Azərbaycanda bəzi ali təhsil müəssisələrinin tədqiqat universiteti statusu almasının gündəmə gəlməsi ölkənin ali təhsil siyasətində keyfiyyət yönümlü transformasiyanın göstəricisi kimi qiymətləndirilir. Bu addım universitetlərin ənənəvi tədris mərkəzi funksiyasından çıxaraq elmi bilik istehsalı, innovasiya və tətbiqi tədqiqatların əsas platformasına çevrilməsi məqsədini daşıyır.
Belə bir modelin tətbiqi elmlə təhsilin inteqrasiyasını gücləndirməklə yanaşı, universitetlərin beynəlxalq elmi məkanla əlaqələrinin genişlənməsinə, qrant və sənaye əməkdaşlığının artmasına, həmçinin gənc alimlər üçün daha güclü tədqiqat mühitinin formalaşmasına imkan yarada bilər. Bu baxımdan ali təhsil müəssisələrinin tədqiqat universitetinə çevrilməsi Azərbaycan elminin inkişafına verəcəyi töhfələr və ümumilikdə akademik sistemdə yaradacağı dəyişikliklər kontekstində müzakirə olunan aktual məsələlərdən biri kimi ön plana çıxır.
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlama verib: "Azərbaycanda ali təhsil müəssisələrinin tədqiqat universiteti statusu alması, hesab edirəm ki, ölkənin təhsil ekosistemində keyfiyyət baxımından yeni mərhələyə keçid deməkdir. Bu addım universitetlərin funksionallığını yalnız kadr hazırlayan müəssisə formatından çıxararaq onları bilik istehsal edən mərkəzlərə çevirəcək. Zaman-zaman bununla bağlı fikirlərimi mətbuatda da ifadə etmişəm. Hesab edirəm ki, bu keçid mütləq zəruridir. Eyni zamanda bu, elmin və təhsilin inteqrasiyası, yəni elmin və təhsilin vəhdətdə inkişafı baxımından olduqca önəmlidir. Elm təhsildən kənarda mümkün deyil, əksinə, elmin və təhsilin birlikdə olması zəruri və kifayət şərtdir. Bu məsələyə bir neçə strateji məqamdan yanaşmaq olar. Tədqiqat universiteti modelinin klassik universitetlərdən əsas fərqi ondan ibarətdir ki, burada prioritet məlumatın ötürülməsi deyil, yeni elmi nəticələrin əldə edilməsidir".
Onun fikrincə, bu statusun tətbiqi universitetlərin idarə olunmasında da yeniliklərə səbəb ola bilər: "Tədqiqat universitetləri dövlət sifarişi ilə yanaşı, qrantlar və sənaye əməkdaşlığı çərçivəsində “research and development” – yəni tədqiqat və inkişaf fəaliyyəti hesabına ciddi gəlir əldə etmək imkanına malik olur. Bu isə əlavə maliyyə resursları deməkdir. Belə bir modeldə müəllimlər yalnız mühazirəçi kimi deyil, həm də aktiv tədqiqatçı rolunda çıxış edirlər. Bu da onların Scopus və Web of Science kimi beynəlxalq elmi bazalarda görünürlüğünü artırır, fərdi və institusional reytinqlərin yüksəlməsinə töhfə verir və nəticə etibarilə universitetin ümumi reytinqinə müsbət təsir göstərir".

Ekspert əlavə edib ki, bu, eyni zamanda status xüsusilə magistratura və doktorantura pilləsində xarici tələbələrin cəlb olunmasına da kömək edir: "Çünki tələbələr real elmi mühitdə fəaliyyət göstərərək elmi yeniliklərin bir hissəsinə çevrilirlər. Bu keçidin elmin inkişafına verəcəyi töhfələr kifayət qədər böyükdür. Hesab edirəm ki, tədqiqat universiteti modeli elmin inkişafı üçün mühüm katalizator rolunu oynaya bilər. Burada sənaye–elm əməkdaşlığı güclənir, iqtisadiyyatın real sektorunun problemlərini həll edən elmi layihələr hazırlanır və elm yalnız nəzəri sahədə qalmayıb praktiki tətbiq mərhələsinə keçir.Bununla yanaşı, universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşmasına da şərait yaranır. Çünki bu reytinqlərdə universitetin tədqiqat mühitinin olması əsas göstəricilərdən biridir. Hesab edirəm ki, belə bir model gənc və perspektivli alimlər üçün sağlam tədqiqat mühitinin formalaşmasına, eyni zamanda “beyin axını”nın qarşısının alınmasına da müəyyən imkanlar yarada bilər. Azərbaycanda bu statusa namizəd olan universitetlər mövcuddur. Məsələn, Bakı Dövlət Universitetini nümunə göstərmək olar, lakin digər ali məktəblərdə də bu modelə keçid üçün müvafiq işlər görülməlidir. Tədqiqat universiteti olmaq yalnız ad dəyişikliyi deyil. Bu, laboratoriya infrastrukturunun yenilənməsi, bürokratik maneələrin azaldılması, elmi fəaliyyətin stimullaşdırılması üçün yeni əməkhaqqı modellərinin tətbiqi deməkdir.
Bu modelin üç əsas sütununu qeyd etmək olar. Birincisi, innovasiya mühitinin formalaşdırılması, yəni universitet daxilində startapların və texnoparkların fəaliyyətidir. İkincisi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi – xarici alimlərin və birgə qrant layihələrinin cəlbidir. Üçüncüsü, universitet büdcəsinə əlavə maliyyə mənbələrinin cəlb olunması və elmi prioritetlərin sərbəst müəyyənləşdirilməsi. Bütün bunlar universitetlərə əlavə muxtariyyət qazandırır. Hesab edirəm ki, tədqiqat universiteti modelinə keçid Azərbaycan elminin istehlakçı modeldən yaradıcı modelə transformasiyası istiqamətində atılmış ən strateji addımlardan biridir. Burada əsas məsələ universitetlərə veriləcək akademik və maliyyə müstəqilliyinin səviyyəsidir. Bu müstəqillik nə qədər geniş olarsa, modelin effektivliyi də bir o qədər yüksək olacaq. Eyni zamanda ölkəmizdə bu model ilk dəfə tətbiq olunacağı üçün onun mərhələli şəkildə inkişafı gözləniləndir. Bu addım həm zamanın çağırışlarına cavabdır, həm də dövlətin elm və təhsildən gözləntilərini doğrultmaq üçün universitetlərə verilmiş bir imkan kimi qiymətləndirilə bilər. Güclü universitet rəhbərləri bu imkandan istifadə edərək elmi inkişafın sürətləndirilməsi və dövlətin gözləntilərinin reallaşdırılması istiqamətində mühüm nəticələr əldə edə bilərlər. Nəticə etibarilə, tədqiqat universiteti modelinə keçid həm məsuliyyət, həm də əlavə imkanlar yaradır və Azərbaycan ali təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər vəd edir".
Ayhan
15:37 26.02.2026
Oxunuş sayı: 549