Qarabağ Elmi bölməsi: Tarixi, mədəni və sosial araşdırmalarda yeni bir dövr
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Qarabağ elmi bölməsinin yaradılması post-münaqişə dövründə regionun sistemli şəkildə öyrənilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Uzun illər işğal və müharibə şəraitində qalan Qarabağın tarixi, mədəni, sosial və təbii irsinin kompleks tədqiqi həm elmi, həm də strateji baxımdan aktuallaşıb.
Bu təşəbbüs yalnız regional araşdırmaların genişləndirilməsi deyil, eyni zamanda Azərbaycanın akademik məkanında yeni elmi istiqamətlərin formalaşması, multidissiplinar tədqiqatların güclənməsi və Qarabağın bərpa prosesinin elmi əsaslarla müşayiət olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Qarabağ elmi bölməsinin yaradılması Azərbaycan elminin inkişafına verəcəyi töhfələr və milli elmi potensialın səfərbər olunması perspektivi ilə diqqət mərkəzinə çevrilir.
Akademik, AMEA-nın vitse-prezidenti İradə Hüseynova Crossmedia.az-a açıqlama verərək bildirib ki, AMEA-nın Qarabağ filialının açılması müvafiq razılıq alındıqdan sonra mümkün olacaq.

"Qarabağda yeni tədqiqat mərkəzinin və ya elmi ocağın açılması olduqca böyük əhəmiyyət kəsb edərdi. Qarabağ Azərbaycanın çox zəngin bölgələrindən biridir. Bu region həm təbii sərvətlərin müxtəlifliyi, həm də torpaq və su ehtiyatlarının bolluğu ilə seçilir.
Eyni zamanda Qarabağın tarixi və arxeoloji irsi də son dərəcə zəngindir. Bölgədə aparılan tədqiqatlar yaşayış məskənlərinin öyrənilməsi, qədim insan fəaliyyətinin izlərinin aşkarlanması və müxtəlif maddi-mədəniyyət nümunələrinin üzə çıxarılması baxımından mühüm nəticələr verir. Artıq bəzi arxeoloji tapıntılar, o cümlədən insan qalıqlarının aşkarlanması ilə bağlı analizlər son mərhələyə çatıb.
Bu nəticələr rəsmi şəkildə açıqlanandan sonra əldə olunan məlumatlar təkcə Azərbaycanın deyil, ümumilikdə region tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyacaq".
Akademik qeyd edib ki, bu proses Qarabağın daha dərindən öyrənilməsi üçün geniş imkanlar açır:
"Son illərdə Ağdam və digər ərazilərdə aparılan arxeoloji qazıntılar nəticəsində yeni faktlar və elmi nəticələr əldə olunur. Bu tapıntılar bölgənin qədim yaşayış məkanı olduğunu, burada uzun əsrlər boyu həyatın davam etdiyini göstərən mühüm sübutlar kimi çıxış edir.
Eyni zamanda bu nəticələr xalqımızın tarixinin və mədəni irsinin araşdırılması baxımından, həmçinin sivilizasiya tarixində bölgənin rolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə bir elmi mərkəzin açılması ölkəmizin elmi potensialının inkişafına ciddi töhfə verə, gələcək nəsillər üçün yeni tədqiqat istiqamətləri formalaşdıra və ümumilikdə Qarabağın elmi baxımdan sistemli şəkildə öyrənilməsinə mühüm impuls verə bilər. Bu isə həm milli, həm də beynəlxalq elmi mühit üçün olduqca əhəmiyyətli məsələdir".

"Əlbəttə, Qarabağ elmi bölməsinin yaradılması bir zərurətdir, hətta tarixi zərurət kimi qiymətləndirilməlidir. Çünki Qarabağ çox dərindən və sistemli şəkildə öyrənilməli olan bir regiondur.
Son dövrlərdə baş verən hadisələr tarixçiləri, siyasətçiləri, mədəniyyətşünasları, dilçiləri və ədəbiyyatçıları Qarabağı daha fundamental araşdırmağa sövq etmişdir və bu istiqamətdə artıq mühüm işlər görülüb.
Məsələn, Qarabağın folkloru geniş şəkildə tədqiq edilib, bölgədə ədəbi proses və ədəbiyyat tarixi kifayət qədər dərindən araşdırılıb. Eyni zamanda Qarabağın etnik, sosial, siyasi və mədəni tarixi üzrə də ciddi elmi nəticələr əldə olunub.
Bununla belə, mövcud nailiyyətlər gələcəkdə daha dərin və kompleks araşdırmaların aparılmasını zəruri edir".
Akademik əlavə edib ki, bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının Qarabağ elmi bölməsinin yaradılması olduqca mühüm addımdır:
"Paralel olaraq bölgədə universitetin açılması, orta məktəblərin fəaliyyətə başlaması elmi və elmi-pedaqoji mühitin formalaşmasına şərait yaradır.
Bu proses yeni ziyalı nəslinin yetişməsinə, eyni zamanda Qarabağ ziyalılarının dünyanın müxtəlif elm və mədəniyyət mərkəzləri ilə əlaqələrinin genişlənməsinə imkan verir.
Nəticə etibarilə yaxın gələcəkdə bölgədə zəngin elmi və intellektual potensialın formalaşacağına şübhə yoxdur. Artıq Qarabağdan olan bir çox tanınmış ziyalı və tədqiqatçılar bölgədə fəaliyyət göstərməyə, burada elmi mühit yaratmağa çalışırlar.
Onların Azərbaycan və ümumilikdə türk dünyası miqyasında gördüyü işlərin əsas ünvanının Qarabağ olması təbii və zəruridir. Bu isə yalnız intellektual deyil, həm də milli ideoloji ehtiyacdır.
Milli ideologiyanın dayanıqlı və perspektivli olması üçün onun möhkəm elmi və metodoloji əsaslara söykənməsi vacibdir. Elmi əsaslardan məhrum mülahizələr və nəticələr polemika və mübahisələrin üstünlük təşkil etdiyi müasir dövrdə davamlı təsir gücünə malik olmur.
Bu səbəbdən Qarabağ elmi bölməsinin yaradılması həm elmi, həm ideoloji, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Belə bir qurumun fəaliyyətə başlamasının verəcəyi töhfələr barədə danışarkən olduqca geniş və çoxşaxəli perspektivlər açılır.
Qarabağ elmi bölməsi tədqiqatların sistemləşdirilməsi, yeni elmi istiqamətlərin formalaşması, regionun tarixinin, mədəniyyətinin və sosial inkişafının daha dərindən öyrənilməsi baxımından böyük imkanlar vəd edir.
Bu səbəbdən belə bir qurumun yaradılmasından gözləntilərin miqyası son dərəcə genişdir və onun gələcək fəaliyyətinin nəticələrini tam şəkildə sıralamaq belə çətindir".
Ayhan
16:31 26.02.2026
Oxunuş sayı: 723