Maşın bazarında elektrik avtomobillərinin payı artacaq
Ötən il Azərbaycanda avtomobil bazarında maraqlı bir dinamika müşahidə olunub. Ölkəyə 73 678 ədəd hibrid avtomobil idxal edilib ki, onların ümumi dəyəri 1 milyard 428,23 milyon ABŞ dollarını təşkil edir. Hibrid avtomobillər həm daxili yanma mühərriki, həm də elektrik mühərriki ilə hərəkət edə bilir və ekoloji baxımdan daha səmərəlidir. Bu artım həm texnoloji yeniliklərə, həm də ətraf mühitə diqqətin artmasına işarədir. Azərbaycanda avtomobil bazarının gələcəkdə daha çox “yaşıl” və texnoloji yeniliklərlə zənginləşəcəyi gözlənilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat üzrə eksepert Adil Nəbiyev bu rəqəmlərin ölkədə avtomobil bazarının strukturunda ciddi dəyişikliklərin baş verdiyini göstərdiyini qeyd edib:

"Hibrid nəqliyyat vasitələrinə maraq sürətlə artır və bu artıq təsadüfi seçim deyil, formalaşan tendensiyadır. Hibrid avtomobillər daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə işlədiyi üçün yanacaq sərfiyyatı daha az olur. Bu da həm sürücülər üçün iqtisadi baxımdan sərfəlidir, həm də ətraf mühitə atılan zərərli tullantıların azalmasına səbəb olur. Xüsusilə şəhər rejimində – sıx tıxac və qısa məsafəli hərəkətlər zamanı – elektrik rejiminin aktiv işləməsi yanacaq xərclərini minimuma endirir. İdxalın bu həcmdə olması bir neçə amillə bağlıdır. Birincisi, son illər ölkədə hibrid və elektrik avtomobilləri üçün tətbiq olunan vergi və gömrük güzəştləri bazara ciddi təsir göstərib. İkincisi, yanacaq qiymətləri və istismar xərcləri sürücüləri daha qənaətli alternativlərə yönəldib. Üçüncüsü isə avtomobil parkının yenilənməsi prosesi sürətlənib.1milyard 428 milyon dollarlıq idxal həm də valyuta axını baxımından ciddi göstəricidir. Bu, bir tərəfdən müasir və daha ekoloji nəqliyyat vasitələrinin ölkəyə daxil olması deməkdirsə, digər tərəfdən yerli avtomobil istehsalı və ya yığımı məsələsini daha da aktuallaşdırır.
Bu statistika göstərir ki, Azərbaycan avtomobil bazarı tədricən ənənəvi daxili yanma mühərrikli modellərdən daha səmərəli və texnoloji nəqliyyat vasitələrinə doğru istiqamətlənir".
Ekspertin sözlərinə görə, yaxın illərdə bu dinamikanın davam etməsi və hətta elektrik avtomobillərinin payının daha da artması gözlənilir.
Fatimə Məmmədova
12:30 25.02.2026
Oxunuş sayı: 565