Metro stansiyalarında qoruyucu şüşələr niyə quraşdırılmır?
Bir çox inkişaf etmiş ölkələrdə insanların təhlükəsizliyini təmin etmək məqsədilə metro stansiyalarında şüşə arakəsmələr quraşdırılır. Belə ki, qatar platformaya daxil olur, lakin sərnişinlərlə qatar arasında şüşə arakəsmələr mövcud olur. Qatar tam dayandıqdan sonra bu arakəsmələr qapı sistemi kimi açılır. Bu üsul metroda baş verə biləcək faciələrin və xoşagəlməz hadisələrin qarşısının qismən alınmasına xidmət edir. Bəs bu təhlükəsizlik sistemi Azərbaycanda da tətbiq oluna bilərmi?
Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev Crossmedia.az-a açıqlama verib:

“Qoruyucu arakəsmə şüşələrin yerləşdirilməsi hazırda texniki baxımdan mümkün deyil. Bunun bir sıra səbəbləri var. İlk növbədə qatarların hərəkət mexanizmi nəzərə alınmalıdır: qatarlar insan tərəfindən idarə olunur, yoxsa sürücüsüz sistemlə? Sürücüsüz idarəetmə zamanı qatarı dəqiq nöqtədə saxlamaq çətinləşir. Bundan başqa, havalandırma ilə bağlı proseslər mövcuddur. Qatar stansiyaya daxil olduqda güclü hava axını yaranır və bu, arakəsmələrin quraşdırılması zamanı hava sirkulyasiyasına mənfi təsir göstərə bilər. Yeni tikiləcək stansiyalarda bu cür arakəsmələrin tətbiqi mümkün ola bilər. Hazırlıq işləri tam başa çatdıqdan sonra arakəsmələrin inşa edilməsi daha məqsədəuyğundur".
Fatimə Məmmədova
17:53 25.02.2026
Oxunuş sayı: 907