“Yox” deməyi öyrənin! – psixoloq xəbərdarlıq edir
Bəzən insanlar istər dostuna, istər rəfiqəsinə, hətta bəzən heç tanımadığı birinə belə “yox” deyə bilmir.
İstəmədiyi bir qərar, razı olmadığı bir təklif və ya onu narahat edən bir xahiş qarşısında belə susmağa üstünlük verir. O an münasibətin pozulacağından, qarşı tərəfin inciyəcəyindən ehtiyat edərək “hə” deməyi seçir.
Amma zaman keçdikdən sonra daxilində peşmanlıq hissi yaranır və öz-özünə “kaş yox deyərdim” - deyə, düşünür. Məhz bu məqamda “yox” deyə bilməməyin psixoloji tərəfləri gündəmə gəlir.
Bu barədə Crossmedia.az-a açıqlama veren ADAU-nun müəllimi, psixoloq Turanə Əsədova biz insanların niyə “yox” deyə bilmədiyimizin psixoloji tərəfini izah edib:

"Ona görə ki, bu, insanın birbaşa daxili narahatlığından və eyni zamanda özgüvəninin aşağı olmasından irəli gələn bir haldır. Bir insan əgər “yox” deyə bilmirsə, deməli, o, özgüvən əksikliyi yaşayır, özgüvəni çox aşağıdır.
Nə zaman “hə” deməli, nə zaman “yox” deməli olduğunu artıq ayıra bilmir. Yaşından, cinsindən, tutduğu mövqedən, statusundan asılı olmayaraq, hər kəs öz xarakter xüsusiyyətinə görə yerində “hə” və “yox” deməyi bacarmalıdır.
Lakin təəssüf ki, bəzən biz qarşımızdakı insanın bizə olan münasibətini, onu məmnun etmək duyğusunu əsas gətirərək, ona “yox” deyə bilmirik.
Biz elə düşünürük ki, bunu onun xətrinə dəyməmək üçün edirik. Əslində isə bu davranış bizim özgüvənimizin aşağı olması deməkdir.
Bəzən insanlar bunu elə anlayırlar ki, hər dəfə “yox” deyə bilməmək artıq bir xüsusiyyətə çevrilir və elə bir düşüncə formalaşır ki, sanki hər dəfə etiraz etməmək sənin borcundur.
Fikirləşirik ki, birdən qarşı tərəfə hörmətsizlik edərik, aramızdakı münasibət pozular deyə qorxu ilə yaşayırıq. Amma əslində bu, daxildən bizi pozur. Və təbii ki, bu nəyə gətirib çıxarır? Özgüvən əksikliyinə, yetərsizlik hissinə".
Psixoloqun sözlərinə görə, bu halda özümüzü yetərsiz hiss etdiyimiz üçün başqalarını razı salmağa çalışırıq:
"Elə bilirik, daha doğru addım atırıq, daha düzgün edirik, özümüzü yaxşı göstəririk, amma əslində özümüzdən ödün vermiş oluruq. Bu bizim daxili narahatlığımızdır, lakin kənardan insanlar bunu rahatlıqla hiss edə bilirlər.
Bəs hər kəs “yox” deməyi bacarması üçün nə etməlidir? İlk növbədə, özümüzə müəyyən qadağalar qoymaqla, özümüzə “yox” deməklə başlamalıyıq. Ondan sonra artıq ən əzizimizə, ən yaxınımıza, dostumuza, rəfiqəmizə – kim olursa olsun – “yox” deyə biləcəyimiz bir səviyyəyə gəlib çatacağıq.
İstəmədiyimiz, etmək istəmədiyimiz, demək istəmədiyimiz şeylər üçün rahatlıqla “yox” deməyə başlayacağıq və bununla da yavaş-yavaş özgüvənimiz yerinə gələcəkdir. Təbii ki, ilk olaraq bundan başlamaq lazımdır".
Fatimə Məmmədova
12:33 25.02.2026
Oxunuş sayı: 761