Rusiyadan İrana qaz ixrac olunacaq: Oyun qaydalərı dəyişir?
İranın neft naziri Mohsen Paknejad bildirib ki, Rusiyadan İrana təbii qazın idxalı ilə bağlı razılaşmalar yekun mərhələdədir və tezliklə müqavilə imzalanacaq. Nazir qeyd edib ki, Cənubi Pars yatağından rekord həddə – 730 milyon kubmetrlik qaz çıxarılmasına baxmayaraq, istehlakda yaranan natarazlıqlar Rusiyadan qaz idxalını strateji zərurətə çevirir.
Rusiyadan təbii qazın tədarükü təbii ki, İran üçün çox əhəmiyyətli, bəlkə də, taleyüklü hadisədir. Amma bu, təkcə, Tehrana lazım deyil. Çox güman, Moskvanın da qazancı var. Əks halda özünün çətin şəraitdə olduğu bir vaxtda buna getməzdi.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayev bildirib ki, hazırda razılaşma yalnız yekun mərhələdədir və müqavilədən sonra qazın real ixracı üçün infrastruktur işləri, xüsusən də qaz kəmərinin çəkilməsi lazımdır. Bu prosesin 2-3 il çəkə biləcəyini qeyd edən ekspert söyləyib ki, həmin dövr ərzində siyasi və iqtisadi vəziyyətin necə formalaşacağı nəticələrə birbaşa təsir göstərəcək: "Razılaşmadan sonra 2-3 il müddət keçənə qədər dünyadakı proseslərin hansı istiqamətə yönələcəyini dəqiq bilmək mümkün deyil. Məsələn, o vaxta qədər İranla ABŞ arasında razılıq əldə edilə bilər, Rusiya-Ukrayna müharibəsi bitə bilər, sanksiyaların vəziyyəti dəyişə bilər. Bütün bunlar nəticəyə birbaşa təsir edəcək".
O həmçinin bildirib ki, indiyə qədər Qərb ölkələrinin İranla enerji əlaqələri demək olar ki, mövcud deyil və praktik iş həyata keçməyənədək bu müqavilənin ciddi təsiri olmayacaq: "Praktik işin həyata keçməsi 2-3 il çəkəcək və o dövrün siyasi havasına uyğun qərarlar veriləcək".
Nigar Yahyazadə
09:05 20.02.2026
Oxunuş sayı: 688