Sevdiyiniz fəsil sizin xarakterinizi göstərir - hansı fəsili sevirsiniz?
Bəziləri yağışlı havada pəncərədən süzülən damlaları izləməyi sevir, bəziləri isə günəşli günlərdə özünü daha enerjili hiss edir. Kimi qar yağanda uşaq kimi sevinir, kimi də yayın istisində dənizsiz yaşaya bilmir. Maraqlıdır ki, insanın sevdiyi fəsil onun daxili dünyası və xarakteri haqqında müəyyən ipucları verə bilər.
Belə ki, fəsillərlə bağlı seçimlərimiz yalnız zövqlə bağlı deyil. Hava temperaturu, gün işığı və bu faktorların insan psixologiyasına təsiri davranışlarımıza, emosional vəziyyətimizə və hətta qərarvermə mexanizmimizə də təsir göstərir.
Hava temperaturu davranışlara necə təsir edir?
Araşdırmalar göstərir ki, hava şəraiti insanların düşüncə tərzinə birbaşa təsir edir. Məsələn, isti mühitdə olan insanlar hadisələrə daha emosional və impulsiv yanaşa bildiyi halda, soyuq mühitdə olanlar daha soyuqqanlı və məntiqli qərarlar verməyə meylli olur.
Hətta aparılan bəzi elmi tədqiqatlarda isti və soyuq içkilərin belə insanların bir-biri haqqında ilkin təəssüratlarına təsir etdiyi sübut olunub.
Gün işığı və ruh halı arasında əlaqə
Gün işığının az olduğu payız və qış aylarında bir çox insan özünü daha yorğun, halsız və motivasiyasız hiss edir. Bu vəziyyət bəzən mövsümi depressiyaya qədər gedib çıxır. Günəşli havalar isə əksinə, beyində xoşbəxtlik hormonlarının artmasına səbəb olur. Bu da əhval-ruhiyyəyə və sosial aktivliyə birbaşa təsir göstərir.
Mütəxəssislər bunu insanın bioloji saatı əlaqələndirir. Gün işığı hormon balansını tənzimləyərək yuxu, enerji və emosional vəziyyətə təsir edir.
Sevdiyiniz fəsil sizin haqqınızda nə deyir?
Payız insanları
Yağışlı havada uzun gəzintilərdən zövq alır, saralmış yarpaqlara baxanda rahatlıq tapırsınızsa, siz böyük ehtimalla dəyişimi sevən, yaradıcı və emosional insansınız. Payızı sevənlər adətən romantik ruhlu, sakit və dərin düşüncəli olurlar. Onlar dostluğa və ailəyə dəyər verir, eyni zamanda tək qalaraq öz daxili dünyalarını dinləməyi sevirlər.
Qış insanları
Əgər sizin üçün ən ideal gün isti içki, kitab və sakitlikdirsə, qış insanısınız. Bu insanlar adətən sabitliyi, rahatlığı və təhlükəsizlik hissini üstün tuturlar. Az, amma səmimi münasibətlərə önəm verirlər. Qış insanları tək qalmaqdan qorxmur, əksinə bunu daxili güclərini toplamaq üçün fürsət sayırlar.
Yaz insanları
Yenilənmə, ümid və enerji sizin üçün önəmlidirsə, yaz fəsli sizi əks etdirir. Yazı sevənlər səbirli, mülayim və məqsədyönlü olurlar. Yeni ideyalara açıq, yaradıcılıq qabiliyyəti güclü olan bu insanlar başladığı işi sona çatdırmaqda israrlıdırlar. Onlar diqqət görməyi və sevilməyi də sevirlər.
Yay insanları
Əgər günəş, səyahət və sosial həyat sizin üçün vazkeçilməzdirsə, siz tipik yay insanısınız. Yay fəsli sevənlər enerjili, ünsiyyətcil və həyat dolu olurlar. Spontan qərarlar verməyi, anı yaşamağı sevirlər. Onlar üçün azadlıq və hərəkət ön plandadır.
Mütəxəssislər vurğulayır ki, sevdiyimiz fəsil xarakterimizlə bağlı müəyyən ipucları versə də, insan şəxsiyyəti təkcə bununla formalaşmır. Keçmiş xatirələr, yaşadığımız mühit və həyat təcrübələri də bu seçimlərə ciddi təsir göstərir. Buna görə də fəsil sevgisi bir göstəricidir, amma tam ölçü deyil.
Fatimə Məmmədova
00:20 20.02.2026
Oxunuş sayı: 397