Moskvanın danışıqları uzatmasının arxasında strateji məqsədi var
Volodimir Zelenski Rusiyanı sülh danışıqlarını qəsdən uzatmaqda və prosesin yekun mərhələyə çatmasını ləngitməkdə ittiham edib. Ukrayna liderinin sözlərinə görə, rəsmi Moskva real nəticəyə yönəlmək əvəzinə vaxt udmağa çalışır və bununla da müharibənin davam etməsinə zəmin yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Zelenskinin ittihamları əsassız deyil, Rusiya danışıqlar prosesində qeyri-konstruktiv mövqe sərgiləyir:

“Artıq bir ildən çoxdur ki, xüsusilə Donald Trampın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında danışıqlar aparılır, lakin keçirilən çoxsaylı görüşlərə baxmayaraq, tərəflər hələ də sülhə yaxınlaşa bilməyiblər”.
Politoloq qeyd edib ki, əsas problem Rusiyanın danışıqlarda qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürməsi və Ukraynadan bu şərtləri qeyd-şərtsiz qəbul etməsini tələb etməsidir.
"Ukrayna isə haqlı olaraq işğal faktı ilə barışmır, beynəlxalq hüquqa əsaslanır və öz ərazilərinin işğalının leqitimləşdirilməsinə imkan vermək istəmir", – deyə o vurğulayıb.
O. Qasımovun sözlərinə görə, tərəflər arasında bir neçə prinsipial məsələ üzrə razılıq əldə olunmayıb.
Bunların başında ərazi məsələsi dayanır. Rusiya xüsusilə, Donbas bölgəsi ilə bağlı iddialarını davam etdirir və hətta nəzarətə götürə bilmədiyi hissələrin də ona verilməsini tələb edir.
Bundan əlavə, təhlükəsizlik zəmanətləri və Zaporojye Atom Elektrik Stansiyası ətrafında pay bölgüsü məsələlərində də ciddi fikir ayrılıqları mövcuddur.
Politoloq hesab edir ki, rəsmi Moskvanın danışıqları uzatmasının arxasında strateji məqsədlər dayanır.
Onun fikrincə, Rusiya öz hərbi, iqtisadi və insan resurslarının Ukrayna ilə müqayisədə daha geniş olduğunu düşünür və bu üstünlükdən istifadə etməklə Kiyevi istədiyi şərtləri qəbul etməyə məcbur etməyə çalışır. "Rusiya hesab edir ki, müharibəni davam etdirmək imkanları hələ də var və zaman onun xeyrinə işləyə bilər", – deyə o bildirib.
Ekspert əlavə edib ki, Ukraynanın enerji sektorunun və mülki obyektlərinin hədəfə alınması, xüsusilə qış aylarında əhalinin ağır şəraitdə saxlanılması da təzyiq mexanizminin tərkib hissəsidir.
“Bütün bunlar Rusiyanın hazırkı mərhələdə sülhün əldə olunmasında maraqlı olmadığını göstərir”.
Nigar Yahyazadə
10:30 20.02.2026
Oxunuş sayı: 585