Qatarlar arasında yaranmış gecikmə aradan qaldırılıb - YENİLƏNİB
Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq səbəbindən yaranmış gecikmə halları tam aradan qaldırılıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O, yubanmaların aradan qaldırıldığını və qrafik üzrə hərəkətin bərpa olunduğunu qeyd edib:
"Bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur. Yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb".
Xatırladaq ki, səhər saat 08:47 radələrində Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq səbəbindən sərnişinlər düşürülmüş və qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib. Bu səbəbdən qatarlar arasında gecikmələr müşahidə olunmuşdur.
08:52
Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.
Bu barədə Bakı Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, yaranmış nasazlıq səbəbindən Dərnəgül-Nərimanov sahəsində interval fərqi yaranıb:
"Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyindən sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib. Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb. Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik".
Qeyd edək ki, hazırda hadisə səbəbi ilə yaranmış gecikmənin aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülməkdədir.
Elmir Heydərli
10:15 19.02.2026
Oxunuş sayı: 632