Sərhədlərin delimitasiyası üçün Ermənistan konstitusiyasında dəyişiklik etməlidir - politoloq
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının növbəti görüşü yaxın zamanda keçiriləcək.
Bu görüş iki ölkə arasında sərhəd məsələlərinin nizamlanması prosesində növbəti addım kimi qiymətləndirilir və ikitərəfli dialoqun davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunur ki, əvvəlki görüş Azərbaycan ərazisində baş tutmuşdu. Növbəti görüş isə çox güman ki, Ermənistanda keçiriləcək. Sərhəd məsələlərinin həlli ilə bağlı belə görüşlər həm dövlət səviyyəsində, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən platformalarda əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu da regionda davamlı sülh və qarşılıqlı etimadın yaradılması üçün vacib addımdır.
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Delimitasiya və demarkasiya məsələsi hazırda regionun ən mürəkkəb və həssas problemlərindən biridir.
İndiyədək delimitasiya prosesləri, əsasən cəmi 6 kilometrlik ərazi üzrə aparılmış və müəyyən texniki razılaşmalar əldə olunmuşdur. Lakin bundan sonrakı mərhələdə proses daha geniş və strateji xarakter alır.
Hazırda ölkələr arasında münasibətlərdə müsbət dinamika müşahidə olunur. Xüsusilə, Türkiyə ilə münasibətlərdə uzun müddət mövcud olmuş düyünün açılması üzrə ciddi irəliləyişlər var. Bu amil də delimitasiya prosesinə əlavə stimul verir və məsələnin mərhələli şəkildə həllinə zəmin yaradır.
Lakin əsas problem Ermənistanın müstəqillik haqqında bəyannaməsində və konstitusion sənədlərində Azərbaycana qarşı ərazi iddialarının hələ də qalmasıdır. Azərbaycan tərəfi bu iddiaları tanımır və delimitasiya prosesində onların hüquqi əsas kimi qəbul edilməsinə yol vermir. Ermənistan tərəfi isə həmin müddəaların referendum yolu ilə çıxarılmasını nəzərdə tutur.
Əgər bu yol seçilərsə, hesab edirəm ki, proses sürətlənəcək və bu, həm delimitasiya, həm də ümumi sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıracaq. Bununla belə, belə bir referendumun seçkilərə qədər keçirilməsi Ermənistanın daxili siyasi mühitində, xüsusilə baş nazir Nikol Paşinyan üçün ciddi risklər yarada bilər. Məhz buna görə də ehtimal olunur ki, bu dəyişikliklər parlament seçkilərindən sonraya saxlanılacaq.
Seçkilərdən sonra isə Ermənistanın əsas sənədlərindən Azərbaycana qarşı ərazi iddialarının, eləcə də Türkiyaya qarşı tarixi iddiaları əks etdirən müddəaların çıxarılması gözlənilir. Bu, regionda davamlı sülhün bərqərar olması üçün mühüm hüquqi baza formalaşdıra bilər.
Mövcud proseslərin gedişindən və yaranmış siyasi-psixoloji mühitdən ciddi narazılıq üçün əsas yoxdur. Müxalif qüvvələrin, o cümlədən Köçəryan tərəfdarlarının təzyiqlərinə baxmayaraq, Paşinyan prosesi kifayət qədər praqmatik və peşəkar şəkildə aparmağa çalışır. O, sülh sazişinin tələsik deyil, beynəlxalq hüquq və daxili sabitlik prinsipləri əsasında imzalanmasına üstünlük verir".
Elmir Heydərli
15:41 18.02.2026
Oxunuş sayı: 723