Qəribə təklif: Sevgililər günündə Babəki xatırlayaq
Son günlər beynəlxalq mediada yayılan məlumatlara görə, Əfqanıstanda Sevgililər Gününün rəsmi şəkildə qadağan edilməsi bir daha göstərdi ki, bəzi ölkələrdə sosial və mədəni bayramlara münasibət yalnız şəxsi seçim deyil, ideoloji və siyasi qərarların predmetinə çevrilir.
Bu addım təkcə romantik bir günün ləğvi deyil, eyni zamanda cəmiyyət üzərində nəzarətin gücləndirilməsi, fərdi azadlıqların məhdudlaşdırılması və Qərb mədəniyyətinə qarşı ideoloji mövqenin açıq nümayişi kimi qiymətləndirilir.
Belə bir qərar sual yaradır: mədəni və ideoloji sərhədlərin sərtləşdiyi bir dövrdə bu tendensiya başqa ölkələrdə də təkrarlana bilərmi?
Dünya miqyasında artan konservativ dalğalar, milli dəyərlərin qorunması adı altında tətbiq edilən qadağalar və sosial davranışların dövlət nəzarətinə keçirilməsi fonunda bu məsələ artıq təkcə Əfqanıstanla məhdudlaşmır. Bu isə istər-istəməz bir çox ölkələr üçün, o cümlədən Azərbaycan üçün də “bizdə də belə bir məhdudiyyət mümkündürmü?” sualını gündəmə gətirir.
Məhz bu baxımdan, Əfqanıstanda Sevgililər Gününün ləğvi yalnız yerli qərar deyil, qlobal miqyasda mədəni siyasətin hansı istiqamətə doğru dəyişdiyini göstərən simvolik bir hadisədir.

Məsələ ilə bağlı sosioloq Əhməd Rəhmanov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Müasir dünyada bir çox tarix və günlər insanların əsl mahiyyətini bilmədiyi, yalnız ticarət və istehlak məqsədilə təqdim olunan formal tədbirlərə çevrilib. İnsanlar çox zaman hansı günü nə üçün qeyd etdiklərini belə bilmədən, yalnız bazarın diktə etdiyi “ənənələrə” uyğun davranırlar. Bu cür yanaşmalar nə mənəvi dəyər yaradır, nə də cəmiyyətə real fayda verir. Məsələn, bu gün geniş şəkildə qeyd olunan Sevgililər Günü əslində müəyyən mədəniyyətlərin və kommersiya maraqlarının məhsuludur. Onun tarixi və mənşəyi barədə müxtəlif, hətta bir-birinə zidd versiyalar mövcuddur. Lakin bu günün Azərbaycan cəmiyyətinin tarixi yaddaşı və milli kimliyi ilə birbaşa əlaqəsi yoxdur. Bu baxımdan sual yaranır: Niyə biz yad və süni bayramlar əvəzinə, öz tariximizə və milli kimliyimizə söykənən simvolları önə çəkməyək? Tariximizdə belə bir simvol var – Babək. Onun rəhbərlik etdiyi üsyanın başladığı gün, əslində, Azərbaycanın milli azadlıq hərəkatının ilkin rəmzlərindən biri kimi dəyərləndirilə bilər".
Onun sözlərinə görə, Babək təkcə bir sərkərdə deyil, həm də azadlıq, mübarizə, milli qürur simvoludur: "Ona görə də təklif etmək olar ki, süni şəkildə “Sevgililər Günü” kimi təqdim olunan tarixlərdə, biz Babəki, onun ideallarını və mübarizəsini yada salaq. Bu, sadəcə tarixi şəxsiyyətin xatırlanması deyil, eyni zamanda milli şüurun möhkəmləndirilməsi deməkdir. Sevgi yalnız romantik münasibət deyil. Sevgi – vətənə, tarixə, azadlığa və milli dəyərlərə bağlılıqdır. Əfqanıstan tam dini ölkə olduğunuzdan bu günü ləğv edib. Biz tolerant ölkəyik deyə keçirilir. Qeyd edək bu günü amma dediyim kimi nə xeyri var nə ziyanı. Biz də Milli sevgililər günü qeyd olunur İlhamla Ərizənin doğum günü bunun özüdə böyük amildir. Mənə görə isə Babək Günü anlayışı həm mənəvi, həm də ideoloji cəhətdən cəmiyyətimiz üçün daha dərin məna daşıya bilər".
Elmir Heydərli
15:28 18.02.2026
Oxunuş sayı: 802