Bu şəxslərə oruc tutmaq tövsiyə edilmir- Açıqlandı
Ramazan ayı yaxınlaşdıqca oruc məsələsi yenidən gündəmə gəlir. Oruc tutanlarla yanaşı, tutmayan insanlar da var və bu, hər kəs üçün eyni səbəblərlə bağlı olmur. Bəziləri sağlam olduğu halda müxtəlif şəxsi və ya gündəlik səbəblərə görə oruc tutmur. Digər bir qrup isə səhhətində problem olduğu, həkim məsləhəti və ya xüsusi vəziyyətlər səbəbindən orucdan azad olunur. Yəni oruc tutmamaq hər zaman istəksizliklə deyil, çox vaxt zərurətlə əlaqədardır.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov qeyd edib ki, müəyyən xəstəliyi olan şəxslər- mədə-bağırsaq sistemindən, qan azlığından əziyyət çəkənlər, şəkərli diabet və təzyiq xəstələri və onkoloji xəstəlikdən əziyyət çəkənlərə oruc tutmaq məsləhət görülmür:
"Yaxşı olar ki, bu xəstəliyi olanlar qidalanmasına xüsusi diqqət yetirsinlər. Adətən oruc tutanda bədən ac və susuz qalır. Xüsusilə də onkoloji xəstələrdə geri dönüşü olmaya proseslər baş verir. Həmçinin, hamilələr də bu qrupa aiddir".
İlahiyyatçı Ağa Hacıbəyli məsələni dini tərəfdən izah edib:
"Allahın göndərdiyi şəriətdə asanlıq var, çətinlik yoxdur. Lakin bəzi insanlar var ki, bu asanlığa belə gücü çatmaya bilir. Orucu müvəqqəti olaraq təxirə salan, yaxud da qəzasını sonra yerinə yetirəcək insanlar 6 qrupdur. Quranı-Kərimin Əl-Bəqara surəsinin 183-cü ayəsinin davamında xəstələrdən və səfərdə olanlardan bəhs olunur. Yəni, bu şəxslər orucu təxirə sala bilərlər. Xəstələr sağaldıqdan sonra günbəgün öz oruclarını tutar, səfərdə olan qonaqlar isə ölkələrinə, bölgələrinə qayıtdıqdan sonra tutmadığı günlərin qəzasını yerinə yetirərlər. Bundan əlavə, hamilə qadınlar da bu sıraya daxildir. Şərait onlar haqqında da iki cür fikirləşir. Əgər hamilə qadının oruc tutması bətnindəki uşağın zəifləməsinə risk yaradarsa bu zaman tutmamalıdır. Əgər belə bir sıxıntı yoxdursa oruc tuta bilər. 4-cü qrup insanlara yaşlı və taqətdən düşmüş şəxslər daxildir. Belə ki, onlara yaşlı, ahıl, ağbirçəklər aiddir ki, onların oruc tutmağa artıq gücü yoxdur. Onların həmçinin, qəza edəcək gücləri də yoxdur . Yaşlıların maddi imkanları yaxşıdırsa, tutmadıqları günün fidyəsini verməlidirlər. Fidyə gün ərzində bir neçə dəfə fəqirin qarnını doyurmaq deməkdir. Əlavə olaraq, çox ağır fiziki işlərdə - yeraltı, kömürçıxarma mədənləri, dəmirəritmə zavodlarında çalışanlar oruc tutduqları zaman həyatları riskə girərsə təxirə salıb sonradan qəza edə bilərlər".
İlahiyyatçının sözlərinə görə, orucu tərk etmək böyük günahdır:
" Peyğəmbərimiz buyurur ki, Ramazanda tutmadığınız bir orucu ömür böyü tutsanız da savabını əldə edə bilməzsiniz. Həmin anın fəziləti var ki, Allah onu quluna vermək istəyir".
Fatimə Məmmədova
09:52 18.02.2026
Oxunuş sayı: 835