Putin "son kartını oynaya bilər": Medvedev üçün hansı təhlükə var?
Rusiya prezidenti Vladimir Putin Sergey İvanovu Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 73 yaşlı siyasətçi dövlət başçısının ən yaxın adamlarından biridir. Onların dostluq tarixçəsi Leninqradda KQB idarəsində xidmət dövrünə gedib çıxır.
2001-ci ildən 2007-ci ilə qədər İvanov Rusiya Müdafiə Nazirliyinə rəhbərlik edib, daha sonra baş nazirin birinci müavini olub. 2011-ci ildən 2016-cı ilə qədər Prezident İcra Aparatının rəhbəri vəzifəsində çalışıb.
2008-ci il prezident seçkiləri ərəfəsində o, prezidentliyə mümkün namizəd hesab olunurdu. Lakin "Vahid Rusiya" Dmitri Medvedyevin namizədliyini irəli sürüb.
Onun Təhlükəsizlik Şurasından uzaqlaşdırılması qərarı 16 fevralda verilib. Bundan əvvəl İvanov öz təşəbbüsü ilə prezidentin xüsusi elçisi vəzifəsindən istefa verib. Baş verənlərlə bağlı rəsmi açıqlama verilməyib.
Buna baxmayaraq, ilin - ayın bu vaxtında, müharibənin davam etdiyi şəraitdə belə bir kadr dəyişikliyi ciddi suallar yaradır.

Bu barədə Crossmedia.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, əvvəlki dövrlərdə müdafiə naziri vəzifəsini də icra edən İvanovun Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müxtəlif fərziyyələr səsləndirilsə də, bu addım ciddi struktur dəyişikliyi kimi qiymətləndirilməməlidir: "İvanov fərqli mövqe sərgiləsə də, son dövrlərdə Şurada daha çox fəallıq keçmiş prezident və sabiq baş nazir Dmitri Medvedev tərəfindən nümayiş etdirilib. Rusiyanın mövcud siyasi elitasında təhlükəsizlik və müdafiə strukturlarında əsas söz sahibi prezident Vladimir Putin olaraq qalır. Hətta hazırkı müdafiə naziri Andrey Belousov ictimai müstəvidə aktiv görünmür. Müharibənin ilk illərində Müdafiə Nazirliyinin mövqeyini mütəmadi açıqlayan və sonradan general-leytenant rütbəsi alan İqor Konaşenkov da informasiya məkanında artıq görünmür. Bu gün Rusiyanın hərbi-strateji qərarlarını əsasən Putin, xarici işlər naziri Sergey Lavrov, Kremlin mətbuat katibi Dmitri Peskov və ya ən yaxşı halda Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova elan edir".
Üzeyir Cəfərov vurğulayıb ki, bu vəziyyət Rusiyada idarəetmə modelinin faktiki olaraq avtokrat xarakter daşıdığını və əsas qərarların bir mərkəzdən verildiyini göstərir: "Şərqi Avropadakı müharibəsinin artıq dördüncü ili tamam olmaq üzrədir və bu müddət ərzində Rusiya strateji hədəflərinə tam şəkildə nail ola bilməyib. Bu baxımdan, İvanovun Təhlükəsizlik Şurası rəhbərliyindən uzaqlaşdırılması müəyyən mənada daxili narazılığın və vahid mövqenin tam formalaşmamasının göstəricisi kimi də qiymətləndirilə bilər. Şəxsi yanaşmaya görə, İvanov son illərdə aparılan siyasətlə tam razı olmadığını dolayı şəkildə nümayiş etdirib. Bəzi hallarda Dmitri Medvedevin açıqlamaları da Kremlin mövqeyi ilə üst-üstə düşmür, onun emosional və sərt bəyanatları, eləcə də sosial şəbəkə paylaşımları müəyyən situasiyalarda ölkə rəhbərliyinin imicinə mənfi təsir göstərə bilər. Təhlükəsizlik Şurasında müəyyən dəyişikliklərin və ya "təmizlənmə" prosesinin aparılması ehtimalı istisna edilmir. Bununla belə, Medvedevin bu qurumdan uzaqlaşdırılması real görünmür. Onun Putinlə uzun illərə söykənən yaxın münasibətləri var və mövcud siyasi şəraitdə, xüsusilə müharibə dövründə vəzifədən uzaqlaşdırılması ehtimalı olduqca aşağıdır. Medvedev yalnız fövqəladə və ciddi siyasi hadisə baş verdiyi halda mövqeyini itirə bilər və hazırkı şəraitdə Putin hakimiyyəti dövründə Təhlükəsizlik Şurasındakı fəaliyyətini davam etdirəcəyi gözlənilir".
Nigar Yahyazadə
10:48 18.02.2026
Oxunuş sayı: 505