Serbiya Azərbaycanın Balkan diplomatiyasında mühüm tərəfdaşıdır - Ekspert
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə Serbiyanın milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda Azərbaycan ilə Serbiya arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev əlaqələrin qarşılıqlı etimad, dəstək və siyasi dialoq əsasında daha da möhkəmləndiyini qeyd edərək, bu münasibətlərin gələcəkdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq çərçivəsində genişlənəcəyinə əminliyini ifadə edib.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, Serbiya Azərbaycan üçün Balkan diplomatiyasında mühüm tərəfdaşlardan biridir. Onun sözlərinə görə, son illərdə iki ölkə arasında xüsusilə hərbi əməkdaşlıq istiqamətində ciddi dinamika müşahidə olunur.

Ekspert qeyd edib ki, Azərbaycan və Serbiya arasında birgə təlimlər, müdafiə sahəsində əməkdaşlıq və digər təhlükəsizlik təşəbbüsləri ön plana çıxır: “Amma ən önəmlisi odur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Serbiya da alternativ enerji mənbələrinə və qaz təchizatına böyük diqqət göstərir. Bu baxımdan ticarət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq da prezidentlərin görüşündə əsas mövzulardan biri oldu”.
Ə.Əlibəyli vurğulayıb ki, Azərbaycan–Serbiya münasibətlərinin əsas dayaqlarından biri siyasi yaxınlıq və qarşılıqlı dəstəkdir: “İki ölkə beynəlxalq təşkilatlarda bir-birinə ciddi dəstək verir, o cümlədən ərazi bütövlüyü məsələlərində. Serbiya ilə Azərbaycanın ortaq tarixi-mədəni dəyərləri də mövcuddur. Əməkdaşlıq səviyyəsinin strateji tərəfdaşlıq mərhələsinə yüksəldilməsi enerji, nəqliyyat və təhlükəsizlik sahələrində xüsusilə mühüm əhəmiyyət daşıyır. Bu istiqamətlərdə hər iki ölkə arasında böyük potensial var və münasibətlərin gələcəkdə daha da genişlənməsi üçün ciddi imkanlar mövcuddur".
Mehriban Yariyeva
09:31 18.02.2026
Oxunuş sayı: 539