Qaradağlı faciəsindən 34 il ötür
Bu gün Qaradağlı faciəsindən 34 il ölür. 1990-cı illərin əvvəllərində Ermənistan–Azərbaycan münaqişəsinin ən qanlı səhifələrindən biri Xocavənd rayonunun Qaradağlı kəndi ilə bağlıdır. 1992-ci ilin fevralında bu kənddə baş verən hadisələr yalnız hərbi qarşıdurma deyil, mülki əhaliyə qarşı planlı şəkildə həyata keçirilmiş kütləvi qırğın kimi tarixə düşüb.
Mühasirədə qalan kənd
Qaradağlı kəndi 1988-ci ildən etibarən faktiki olaraq blokada şəraitində yaşayırdı. Ətraf erməni kəndləri ilə əlaqələrin kəsilməsi, yolların bağlanması, kənd sakinlərinin iş yerlərindən qovulması gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdi. Kənd dörd tərəfdən mühasirəyə alınmış, nə quru, nə də hava yolu ilə real yardım almaq mümkün olmuşdu. Azərbaycan helikopterləri də mütəmadi atəşə tutulduğu üçün ərzaq və tibbi yardım çatdırıla bilmirdi.
Bu şəraitdə kənd sakinləri öz güclərinə arxalanaraq müdafiə təşkil etməyə məcbur qaldılar. Könüllü özünümüdafiə dəstələri yaradıldı, postlar quruldu, lakin silah-sursat çatışmazlığı vəziyyəti daha da ağırlaşdırırdı. 1988–1989-cu illərdə rəsmi qurumlar tərəfindən ov silahlarının belə yığılması Qaradağlını demək olar ki, müdafiəsiz qoymuşdu.
Hücumlara aparan qanlı yol
1989-cu ildən başlayaraq Qaradağlıya qarşı silahlı hücumlar sistemli xarakter aldı. Kənd yaxınlığındakı fermaların yandırılması, dinc sakinlərin güllələnməsi, avtomobil karvanlarının atəşə tutulması artıq adi hala çevrilmişdi. Xüsusilə 1991-ci ilin sentyabrında Ağdama gedən avtobusun atəşə tutulması nəticəsində qadın və uşaqların həlak olması kənddə vəziyyətin nə qədər kritik olduğunu göstərirdi.
Bu hücumlar təkcə qorxu yaratmaq məqsədi daşımırdı, həm də kəndi tamamilə boşaltmağa hesablanmışdı. Qaradağlı 1988–1992-ci illər arasında yüzlərlə silahlı basqına məruz qalmışdı.
Son hücum və işğal
1992-ci il fevralın 17-də səhər tezdən Qaradağlıya həlledici hücum başlandı. Ağır silahlar, zirehli texnika və sayca üstün qüvvələr kəndə qarşı istifadə edildi. Hücumda erməni silahlı birləşmələri ilə yanaşı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnikası və canlı qüvvəsi də iştirak edirdi.
Təxminən 11 saat davam edən qeyri-bərabər döyüşdən sonra kənd işğal edildi. Qaradağlının müdafiəçiləri son ana qədər müqavimət göstərsələr də, mülki əhalinin təhlükəsizliyini təmin etmək mümkün olmadı.
Mülki əhaliyə qarşı törədilən vəhşiliklər
Kəndin işğalından sonra Qaradağlıda baş verənlər artıq hərbi əməliyyat yox, açıq-aşkar soyqırım idi. Kənddə qalan sakinlər – qadınlar, uşaqlar, qocalar əsir götürüldü. Girov alınanların bir qismi elə kənd ərazisində güllələndi, digərləri isə Xankəndi və Əsgərana aparıldı.
Şahid ifadələrinə görə, bəzi insanlar diri-diri yandırılıb, bəzilərinin başı kəsilib, yaralılar silos və təsərrüfat quyularına atılaraq basdırılıb. Əsirlikdə saxlanılanlara ağır işgəncələr verilib, ac-susuz saxlanılıb, insan ləyaqətinə sığmayan rəftarlar edilib.
Nəticədə onlarla mülki şəxs qətlə yetirildi, yüzdən artıq insan girov götürüldü. Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar və ahıllar vardı. Onlarla ailə öz başçısını itirdi, yüzlərlə uşaq yetim qaldı.
Qaradağlı yalnız insan itkisi ilə üzləşmədi. İşğal nəticəsində kənd demək olar ki, yer üzündən silindi. Yüzlərlə yaşayış evi, məktəb, mədəniyyət evi, xəstəxana və digər sosial obyektlər dağıdıldı. Sağ qalan sakinlər qışın şaxtalı günlərində dağları aşaraq Ağdama və digər rayonlara pənah aparmağa məcbur oldular. Təxminən 800 nəfər doğma yurdundan didərgin düşdü.
Qaradağlı hücumunda iştirak edən silahlı dəstələr arasında Arabo və Aramo qruplaşmaları, eləcə də Monte Melkonyanın rəhbərlik etdiyi dəstənin adı tez-tez çəkilir. Sonradan açıqlanan faktlar və şahid ifadələri 366-cı alayın bu vəhşiliklərdə mühüm rol oynadığını da təsdiqləyir.
Qaradağlı faciəsi Azərbaycan xalqının yaddaşında Xocalı ilə yanaşı ən ağır soyqırımlardan biri kimi qalır. Bu hadisə təkcə bir kəndin yox edilməsi deyil, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Günahsız insanların etnik mənsubiyyətinə görə qətlə yetirilməsi insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir.
Fatimə Məmmədova
08:48 17.02.2026
Oxunuş sayı: 818