Fransa Azərbaycanla münasibətlərin normallaşmasında həqiqətən maraqlıdırsa...
Azərbaycan bütün ölkələrlə, o cümlədən Avropanın aparıcı dövlətləri ilə, xüsusilə Fransa ilə münasibətlərin normallaşması və inkişafında maraqlıdır. Lakin son illərdə regiondakı hadisələrə qərəzli yanaşmalar, qəbul olunan qərarlar və bəzi açıqlamalar iki ölkə arasında gərginliyin yaranmasına səbəb olub.
Hazırda isə həm Bakı, həm də Paris müəyyən addımlar ataraq, dialoqu yenidən gücləndirməyə çalışır və yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın siyasi, iqtisadi və ticari sahələrdə daha da dərinləşməsi mümkündür.
Azərbaycanın mövqeyi aydın və prinsipialdır, lakin münasibətlərin inkişafı üçün Fransanın da adekvat və konstruktiv addımlar atması vacib hesab olunur.
Mövzu ilə bağlı politoloq Mətin Məmmədli Crossmedia.az-a açıqlama verib:

"Azərbaycan bütün ölkələrlə, o cümlədən də dünyanın və Avropanın aparıcı dövlətlərindən biri olan Fransa ilə münasibətlərin normallaşmasında və inkişafında maraqlıdır. Lakin təəssüf ki, son illərdə, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Fransanın regionda baş verən hadisələrə və proseslərə qərəzli yanaşması, ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş mövqelər sərgiləməsi, bu istiqamətdə qərarlar qəbul etməsi münasibətlərdə ciddi problemlər yaradıb.
Fransa Parlamentinin həm Senatı, həm də Milli Assambleyası tərəfindən qəbul edilən qətnamələr, eləcə də Fransadakı ayrı-ayrı siyasi dairələrin Azərbaycana qarşı davamlı və obyektivlikdən uzaq açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Bu cür addımlar təbii olaraq münasibətlərin mənfi istiqamətdə inkişafına təsir göstərib.
Bununla belə, son dövrlərdə münasibətlərin yenidən normallaşdırılması istiqamətində müəyyən meyillər müşahidə olunur. Bu barədə cənab Prezident də özünün dəqiq və prinsipial mövqeyini ifadə edib. Əgər Fransa həqiqətən də Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdırsa, hesab edirəm ki, yaxın perspektivdə iki ölkə arasında siyasi, iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq münasibətləri daha da dərinləşə bilər.
Azərbaycanın mövqeyi və iradəsi bəllidir. Lakin ikitərəfli münasibətlərdə yalnız bir tərəfin iradəsi kifayət etmir. Fransa da adekvat və konstruktiv addımlar atmalıdır. Bu halda Azərbaycan öz mövqeyinə uyğun olaraq münasibətlərin bərpası və inkişafı istiqamətində iradə nümayiş etdirəcək və düşünürəm ki, gərginlik və problemlilik mərhələsi arxada qala bilər.
Təəssüf ki, son zamanlar Fransa Parlamenti tərəfindən Azərbaycan əleyhinə daha bir qərarın qəbul edilməsi müşahidə olunur. Bu tip qərarlar iki ölkə arasında münasibətlərə birmənalı şəkildə mənfi təsir göstərir. Ona görə də rəsmi Paris, əgər Azərbaycanla münasibətlərin yaxşılaşmasında və normallaşmasında həqiqətən maraqlıdırsa, ilk növbədə bu kimi məsələlərdə daha diqqətli və həssas davranmalı, Azərbaycanın mövqeyini və maraqlarını nəzərə almalıdır.
Ayhan
11:44 17.02.2026
Oxunuş sayı: 1004