Rusiya-Ukrayna müharibəsində razılaşma niyə əldə olunmur?
Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsi Avropa üçün mürəkkəb geosiyasi və iqtisadi dilemmanı ortaya qoyub. Rusiya və ABŞ-nin fərqli maraqları, Avropa dövlətlərinin təhlükəsizlik və iqtisadi prioritetləri, eləcə də Ukraynanın təhlükəsizlik buferi kimi qiymətləndirilməsi prosesin həssaslığını artırır.
Hazırda Avropa ölkələri müharibə və sülh arasında seçim etməkdə çətinlik çəkir və mümkün nəticələrin minimal ziyanla yönləndirilməsi üçün strateji balans axtarışındadır. Bu fonda yaxın perspektivdə anlaşmanın əldə olunmaması regionda gərginliyin davam edəcəyini göstərir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ-nin müharibənin dayandırılması prosesində tutduğu mövqe Avropa dövlətlərini mürəkkəb vəziyyət qarşısında qoyub. Onun sözlərinə görə, Avropa ölkələri həm müharibənin davamı, həm də sülh variantının yaratdığı nəticələr arasında seçim etməkdə çətinlik çəkir.

"Rusiyanın diktə etdiyi şərtlər çərçivəsində əldə olunacaq sülh qərb ölkələri, o cümlədən Avropa üçün ciddi geosiyasi rüsvaçılıq kimi qiymətləndirilə bilər", — deyə politoloq vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, müharibənin dayandırılması Avropa üçün artıq qarşılıq verməkdə çətinlik çəkdiyi iqtisadi yükün daha da ağırlaşmasına səbəb ola bilər. Bu səbəbdən Avropa dövlətləri iki alternativ arasında ən az ziyan gətirəcək istiqaməti müəyyənləşdirməyə çalışsa da, hələlik bu geosiyasi labirintdən çıxış yolu görünmür. Onun fikrincə, Rusiyanın dialoq müqabilində müəyyən zəmanətlər tələb etməsi bu kontekstdə başa düşülən yanaşmadır.
Politoloq bildirib ki, Avropada Ukraynanın işğal olunmamış hissəsinin dövlət kimi mövcudluğunun qorunması qitənin təhlükəsizliyi üçün əsas faktor kimi qiymətləndirilir. Bu yanaşma Ukraynanın Rusiya ilə Avropa arasında təhlükəsizlik buferi kimi qəbul edilməsindən irəli gəlir və Avropa ölkələrinin irəli sürdüyü şərtlərin də əsas istiqamətini müəyyən edir.
Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna üçün təhlükəsizlik zəmanətləri, müharibənin yenidən alovlanmayacağına və gələcəkdə hərbi müdaxilə riskinin qarşısının alınacağına dair öhdəliklər tələb edir. Bu zəmanətlər isə təkcə Ukrayna üçün deyil, bütövlükdə Avropanın müdafiə sisteminin təmin olunması və ya yenidən qurulması baxımından əhəmiyyət daşıyır.
Elçin Xalidbəyli əlavə edib ki, bu baxımdan analoji tələblər irəli sürülür və müharibənin dayandırılması istiqamətində aparılan proseslərin Avropa ölkələrinin iştirakı olmadan müsbət nəticə verməsinin mümkün olmadığı düşünülür.
Onun qənaətinə görə, Rusiyanın öz maraqları, ABŞ-nin isə fərqli hədəfləri var və tərəflərin yanaşmaları Avropanın mövqeyi ilə ciddi ziddiyyət təşkil edir. Siyasi-diplomatik təmaslar üçün müəyyən imkanlar mövcud olsa da, yaxın vaxtlarda razılaşmanın əldə olunması hələlik inandırıcı görünmür.
Nigar Yahyazadə
10:43 17.02.2026
Oxunuş sayı: 703