Sovet senzurasına baş əyməyən Bəxtiyar Vahabzadənin anım günüdü
13 fevral 2009-cu il səhər saatlarında Bakı hələ oyanmamışdı, şəhərin üzərinə çökmüş qış sükutu sanki böyük bir ayrılığın xəbərini verirdi. Həmin gün səhər tezdən Azərbaycan ədəbiyyatının, milli düşüncəsinin və azadlıq ideyasının simvoluna çevrilmiş şəxslərdən biri, şair Bəxtiyar Vahabzadə 83 yaşında uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumdu.
Bu xəbər qısa zamanda ölkəyə yayıldı. Onun ölümü yəkcə ədəbiyyat cameəsini deyil, onun şeirləri və fikir dünyasında böyüyən minlərlə insanı sarsıtdı. Çünki Bəxtiyar Vahabzadə sadəcə şair deyildi, o, dövrün susdurula bilməyən səsi idi.
1925-ci il avqustun 16-da Şəkidə sadə bir ailədə dünyaya gələn Bəxtiyarın uşaqlıq illəri zəhmət, yoxluq və həyatın sərt reallıqları ilə yoğrulmuşdu. 1934-cü ildə ailəsi Bakıya köçəndən sonra onun taleyi də böyük şəhərin içində formalaşmağa başladı.
Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyan gənc Bəxtiyar artıq tələbəlik illərində sözə başqa cür yanaşır, poeziyanı sadəcə estetik vasitə deyil, düşüncə və etiraz aləti kimi görürdü.
1943-cü ildə ilk şeiri mətbuatda dərc ediləndən sonra onun qələmi susmadı, şeirlər, elmi məqalələr, ədəbi yazılar bir-birini əvəzlədi və bu yol onu həm ədəbiyyata, həm də ictimai proseslərin mərkəzinə çəkdi.
Səməd Vurğunun yaradıcılığı üzərində apardığı elmi araşdırmalarla elmlər namizədi, daha sonra doktorluq dərəcəsi alan B.Vahabzadə illərlə universitet auditoriyalarında dərs dedi, gənc nəslin formalaşmasında mühüm rol oynadı.
Amma onun adı ən çox 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə yadda qaldı. Bu əsər bölünmüş Azərbaycanın faciəsini açıq şəkildə ortaya qoydu, xalqın tarix boyu yaşadığı ağrını dilə gətirdi və nəticədə şair siyasi təzyiqlərlə üzləşdi, “millətçi” damğası vuruldu, həyatında ağır mərhələlər başladı. Lakin o, fikrindən və yolundan dönmədi. Sovet senzurasının sərt çərçivələri daxilində belə, Bəxtiyar Vahabzadə rəmzlərdən, tarixdən, başqa ölkələrin taleyindən istifadə edərək, öz xalqının dərdini deməyi bacardı, azadlıq ideyasını şeirin damarına yeritdi. Onun pyesləri illərlə teatr səhnələrində nümayiş olundu, poemaları cəmiyyətin vicdanına toxundu, publisistik yazıları düşünən oxucu üçün yol xəritəsinə çevrildi.
Zaman keçdikcə o, təkcə şair və alim kimi deyil, həm də ictimai-siyasi xadim kimi tanındı. Parlamentdə təmsil olundu, milli məsələlərdə prinsipial mövqeyi ilə seçildi.
Ömrünün son illərində xəstəliklə mübarizə aparsa da, öz fikirlərindən və sözdən ayrılmadı, 13 fevral səhəri Bakıda bir evdə işıqlar sönənədək. Həmin gün onun cənazəsi Fəxri Xiyabana aparılarkən insanlar bir insanı yox, bütöv bir dövrü torpağa tapşırdı və o gündən etibarən 13 fevral tarixi Azərbaycanın yaddaşında Bəxtiyar Vahabzadənin susduğu, amma sözünün əbədi yaşamağa başladığı gün kimi qaldı.
BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan
o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Fatimə Məmmədova
16:24 13.02.2026
Oxunuş sayı: 592