Yeni yollar çəkiləcək- Vacib Xəbər
"20 Yanvar" və Şamaxinka istiqamətində nəzərdə tutulan tunel və digər yol layihələri Bakı şəhərində nəqliyyat sıxlığının azaldılmasına xidmət edir.
Crossmedia.az xəbər verir ki, bu layihələr 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 25 yol infrastrukturu layihəsi icra olunur. Onlardan dördündə tikinti işlərinə artıq başlanılıb, bir neçəsində isə yaxın vaxtlarda işlərə start veriləcək.
Pirşağı layihəsi – yeni nəqliyyat arteriyası
Əsas layihələrdən biri Pirşağı istiqamətində həyata keçirilir. Bu yol Bakı–Quba–Rusiya sərhədi magistralını Bakı–Şamaxı–Yevlax yolu ilə birləşdirəcək və Abşeron yarımadasında yeni nəqliyyat bağlantısı yaradacaq. Layihə çərçivəsində dəmir yolunun altından tunel inşa olunur. Bu, sürücülərə Bakı şəhərinə daxil olmadan şimal və şimal-qərb istiqamətlərində rahat hərəkət imkanı verəcək.
Ümumilikdə layihə çərçivəsində yollar, körpülər, üç tunel və bir sıra piyada keçidləri tikilir.
Koroğlu–Həsən Əliyev yolu
Digər iri layihə Koroğlu–Həsən Əliyev istiqamətində həyata keçirilir. Müzəffər Nərimanov küçəsindən başlayaraq Həsən Əliyev küçəsinə qədər uzanan, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel yeni prospekt yaradılır.
Uzunluğu 4 kilometr olan yol 6 hərəkət zolağından ibarət olacaq. Onun 2 kilometrlik hissəsi tunellərdən ibarətdir. Layihə çərçivəsində 4 tunel və 3 yeraltı piyada keçidi tikilir. İşlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Bu yol "Nərimanov", "Gənclik" və "Koroğlu" ərazilərindəki sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.
8 Noyabr – Babək – Heydər Əliyev prospekti bağlantısı
Yeni başlanmış layihələrdən biri də "8 Noyabr" prospektini Babək və Heydər Əliyev prospektləri ilə birləşdirəcək. Tunel vasitəsilə Babək prospektinin və dəmir yolunun altından keçid təmin ediləcək və birbaşa Heydər Əliyev prospektinə çıxış yaradılacaq. Bu da xüsusilə həmin istiqamətdə tıxacların azalmasına kömək edəcək.
Ümumilikdə həyata keçirilən layihələr tunellərin, körpülərin, yolötürücülərin və alternativ yol bağlantılarının tikintisini əhatə edir. Məqsəd Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu kompleks şəkildə yeniləmək və sürücülər üçün daha rahat hərəkət şəraiti yaratmaqdır. (Baku.ws)
23:58 12.02.2026
Oxunuş sayı: 507