Azərbaycan–ABŞ münasibətlərində bərabərhüquqlu strateji tərəfdaşlıq əsasında yanaşma
Azərbaycan ilə ABŞ arasında uzun illərdir qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında münasibətlər davam edir. Donald Tramp komandasının ABŞ hakimiyyətinə gəlişindən sonra isə bu münasibətlərin tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyulduğunun şahidi olduq. Bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yarandı. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaratdı.
2025-ci ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Prezident Donald Tramp üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etdi. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi imzaladı və bununla da 30 il davam edən münaqişəyə son qoyuldu.
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu da imzalandı.
Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları oldu. Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin kontektsində 2025-ci ili tarixi il kimi də dəyərləndirdi.
Hər rəsmi səfər ikitərəfli münasibətlər sistemində yeni bir layihənin yaranması, formalaşması, daha geniş formatda davam etdirilməsi ilə nəticələnir. Bu, hər iki dövlətin xarici siyasəti üçün prioritet hesab edilir. İkinci Qarabağ müharibəsindən sonra ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün yaranması üçün tarixi fəaliyyət göstərməyə başladı və bu fəaliyyət öz bəhrəsini verməkdədir.
Nəhayət, aylarla aparılan intensiv və məqsədyönlü işin məntiqi yekunu olaraq, 2026-cı ilin fevral ayının 10 da, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat, iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Vensin regiona səfəri, Vaşinqtonda əldə olunmuş sülh prinsiplərinin artıq konkret iqtisadi layihələr və siyasi zəmanətlərlə möhkəmləndirilməsi məqsədi daşıyır. Bu səfər zamanı “Siyasi Xartiya” imzalandı və bu proses iki ölkə arasında tarixi hadisə kimi hesab edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini və perspektivlərini ətraflı şəkildə dəyərləndirmişdir. Dövlət başçısı vurğulamışdır ki, bu səfər Azərbaycan-ABŞ əlaqələrinin inkişafında mühüm hadisə olmaqla yanaşı, qarşılıqlı etimadın və tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə ABŞ arasında münasibətlər uzun illərdir qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq iki ölkəni strateji tərəfdaşlara çevirən əsas amillərdən biri olmuşdur. Dövlət başçısı Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan qlobal enerji layihələrinin – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi transmilli layihələrin – Avroatlantik məkanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini diqqətə çatdırdı. Bu layihələr həm də Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirmişdir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün yalnız enerji resursları ixrac edən ölkə deyil, həm də “yaşıl enerji” gündəliyini fəal şəkildə həyata keçirən dövlətdir. Xəzər hövzəsinin külək və günəş enerjisi potensialı, həmçinin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi yeni investisiya imkanları yaradır. Bu baxımdan ABŞ şirkətlərinin və texnoloji potensialının Azərbaycanda həyata keçirilən layihələrə cəlb olunması qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır.
Mətbuata bəyanatda regional təhlükəsizlik məsələləri də mühüm yer tutdu. Prezident İlham Əliyev Cənubi Qafqazda postmünaqişə mərhələsinin reallıqlarını diqqətə çatdıraraq Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha bəyan etdi. Dövlət başçısı vurğuladı ki, regionda davamlı sabitlik və təhlükəsizlik yalnız beynəlxalq hüquq prinsiplərinə hörmət və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə mümkündür. ABŞ-ın bölgədə sülh və sabitliyə dəstək verən mövqeyi də bu kontekstdə müsbət qiymətləndirildi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat-logistika imkanlarına da toxundu. Orta Dəhlizin artan əhəmiyyəti, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın tranzit potensialı qlobal iqtisadi əlaqələr üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ABŞ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması prioritet istiqamətlərdən biri kimi qeyd edildi.
Humanitar sahədə əməkdaşlıq məsələləri də bəyanatda xüsusi yer aldı. Prezident İlham Əliyev təhsil, elm, mədəniyyət və vətəndaş cəmiyyəti sahəsində qarşılıqlı əlaqələrin xalqlar arasında münasibətləri daha da yaxınlaşdırdığını bildirdi. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri, dini və mədəni müxtəlifliyə hörmət prinsipi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir və bu dəyərlər ABŞ ilə ortaq platformaların formalaşmasına zəmin yaradır.
Dövlət başçısının bəyanatı eyni zamanda Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun ardıcıl davamı kimi çıxış etdi. Prezident İlham Əliyev açıq şəkildə göstərdi ki, Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərini milli maraqlar əsasında, qarşılıqlı hörmət və suverenliyə sadiqlik prinsipi üzərində qurur. ABŞ-ın Vitse-prezidentinin səfəri də bu prinsiplərin praktik təsdiqi kimi dəyərləndirilə bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha nümayiş etdirdi ki, Azərbaycan ABŞ ilə münasibətlərə qarşılıqlı hörmət, suverenlik prinsiplərinə sadiqlik və bərabərhüquqlu tərəfdaşlıq əsasında yanaşır. Bu səfər iki ölkə arasında dialoqun daha da intensivləşəcəyinə, iqtisadi və siyasi əlaqələrin yeni mərhələyə qədəm qoyacağına işarədir.
Beləliklə, Azərbaycan–ABŞ münasibətləri regionun və daha geniş coğrafiyanın sabitliyi baxımından mühüm amil olaraq qalır və Prezident İlham Əliyevin bəyanatı bu əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə müəyyənləşdirir.

İlham Quliyev
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
13:00 12.02.2026
Oxunuş sayı: 476